2008-ci ilin əvvəlində bütün dünyada aclıqdan əziyyət çəkən insanların sayı 850 milyon nəfərdən 925 milyon nəfərə kimi artıb. “France Presse” agentliyinin verdiyi məlumata görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında bildirilir. Təşkilatın proqnozuna görə, ilin sonunda aclıq çəkən insanların sayı 1 milyarda çatacaq.
FAO-nun prezidenti Jak Duif bildirib ki, aclıq çəkən insanların sayının artması ərzağın qiymətinin sürətlə bahalaşması ilə bağlıdır. O, qiymətlərin hər il faktiki olaraq iki dəfə artdığını vurğulayıb. Məsələn, FAO-nun dünya qiymətlərinin indeksi 2006-cı ildə 12 faiz, 2007-ci ildə 24 faiz, 2008-ci ilin 8 ayı ərzində isə 50 faiz artıb.
Qeyd edək ki, 2006-cı ilin iyununda BMT üzvü olan ölkələr dünyada aclıq çəkən insanların sayını 2015-ci ilə kimi 2 dəfə azaltmağa söz veriblər. Bu zaman Müsəlman İnkişaf Bankı böhranla mübarizəyə 1,5 milyard, Dünya Bankı 1,2 milyard, Afrika İnkişaf Bankı isə 1 milyard dollar ayırıb. LENT.AZ