Cümə söhbətləri
İSRAFIN 1 FAİZİ və ELİN MƏZƏMMƏTİ
Zəmanəmizin ən aktual problemlərindən biri – israfla və israfçılıqla bağlıdır. Bir tərəfdə hər dəqiqədə acından ölən onlarla zavallı insan, digər tərəfdə isə harınlıqlarından coşub-daşan ünsürlər – budur yaşadığımız dönəmin acı reallığı. Və bu xüsusda dinimizin mövqeyini bilib düzgün çatdırmaq – müsəlmanın üzərinə düşən mühüm vəzifələrindəndir.
BİÇARƏ İSRAFÇI
Əslində, dünyada gözügörünməz bir qütbləşmə gedir. Bu qütblər dünyada maddi nemətlərə münasibətlə səciyyələnir. Bu nə coğrafidir, nə siyasidir, nə dini, nə də digər. Bu qütblərin birində yaşayanlar dolanışıqdan ötrü min bir əziyyətə qatlaşan insanlardır. Bunlar dünyanın bütün yerlərində var – səhrada da, mülayim iqlimdə də, soyuğün iliyə işləyən yerində də, cah-calallı sarayların bir addımlığında yerləşən «gecəqondularda» da.
Digər qütbdə yaşayan harınlar isə əsas etibarilə həmin bu ac və səfillərin haqqını yeyənlərdir. Bunlar da hər yerdə var – səhradan tutmuş böyük şəhərlərədək. Bunların əsas «qayğısı» odur ki, necə etsin ki, öz hovlanmış fantaziyasını yeni bir israfla, yeni bir ağlasığmaz harınlıqla təmin edə bilsin. Amma əslində bunların bədbəxt durumu açıq-aydın bəllidir. Həzrət Əli (ə) buyurur: «Biçarə israfçı! Öz nəfsinin islahından və əldən verdiklərinin yerini doldurmaqdan necə də uzaqdır».
İsrafçılıq həm müsəlman, həm də qeyri-müsəlman dünyasının əsas problemlərindəndir. Mübarək hədisdə bunun gətirdiyi fəsadlar dəqiqliklə açıqlanır. İlk əvvəl israfçıya dəyən zərbə odur ki, onun statusu əslində nəsə ali bir şey deyil, düşündüyünün əksinə olaraq, yazıq gəlinməli bir durumdur. Belə ki, öz zədəli, komplekslərin əsarətində olan vücudunu razı salmaq üçün o, yeni-yeni «kəşflər» etmək zorundadır və bu proses onun iradəsini əlindən alır və özünə tabe etdirir. Biçarə israfçı bu «israfetmə estafeti»nin qurbanına çevrilir və bu qapalı dairədən çıxa bilmir.
Mübarək hədisdə nəfsin islahı ilə bağlı mühüm məqama da toxunulur. Belə ki, insan öz yaranma fəlsəfəsinə uyğun hədəfə çatmaq istəyirsə, bunun yolu nəfsin islahından keçir. Nəfsani istəklərin qulu olan adamın vücudi islaha yetişməsi – nonsensdir. Mübarək dinimiz insanı zillətə düşməkdən çəkindirir və bu zillətin ən real yollarından biri kimi məhz israfı göstərir.
NƏFSİ İSLAHIN OLMAMASI
İstənilən mənfi xüsusiyyətin, əxlaqi rəzilətin əmələ gəlməsində, inkişaf etməsində əsas səbəb – nəfsi islahın olmamasıdır. Çox təəssüflər olsun ki, israf mövzusunda özünü müsəlman dünyasına aid edən bir sıra ünsürlər özünəməxsus «rekordlar» vurmaqda, nəfslərinin tüğyan edən vəziyyətini inkişaf etdirməkdədirlər. Dünya haraya gedir, bunlar hara?! Özünü müsəlman hesab edən insan, dininin ən əsas göstərişlərindən olan elmlənmək, biliklənmək, xeyriyyəçilik yerinə, israf rekordları vurmaqla ad çıxarır! Günümüzdə də belə «ad çıxaranlar», təəssüf ki, az deyil. Bu günlərdə dünya mətbuatı bir nəfər ərəb şeyxi barədə geniş yazır. Bu ünsür öz avtomobili üçün fantastik bir qiymətə – 14 milyon dollara (!) nömrə almışdır. Həqiqətdə harınlığını rekordunu vurmuşdur bu fərd.
Bunu bir misal olaraq götürüb, belə halın yaratdığı çətinliklərə toxunmaq olar. İstər fərd halında, istər ailə, toplum halında nə kimi ağrılı nəticələrə gətirib çıxara bilər bu? Bu yolun yolçusu əgər belə asanlıqla bu böyüklükldə harınlığa gedirsə, onun fərd olaraq ruhiyyəsinin vəziyyəti tam aydındır. Ailə başçısı olaraq da, verdiyi tərbiyənin və nümunənin nəticəsində, çox güman ki, bir çox özü kimiləri yetişdirəcəkdir. Toplumda belələrinin yer alması isə insanların dəyərlər sistemində güclü deformasiyalara səbəb olur, yaxşı və pisin yerini dəyişdirir.
Bir nəzərə alsaq ki, dünyanın beşdə birindən çoxu gündə 1 dollardan az məbləğə yaşayır, deməli, bu israfçı demək olar ki, yarım milyon insanın bir aylıq dolanışığını bir dəqiqəyə göyə sovurdu.
Heç xüsusi dindar olmaq lazım deyil belə həyat tərzinin puç olmasını anlamaq üçün. Sadəcə insani yanaşma göstərir ki, Qəzzada səninlə bir dildə danışan, bir dinə sitayiş edən insanlar ən sadə, zəruri şeylərdən məhrumdurlarsa, necə əlin gəlir bir maşın nömrəsinə ki, desinlər filankəsin nömrəsi «1»dir, bu qədər maddiyyatı külə çevirəsən?! Dünyada nə qədər jurnalist, yazar bu sualı ünvanladı ona. Və necə suallar ünvanlanacaq ona hamının sorğuya çəkiləcəyi gün…
İSRAFIN 1 FAİZİ
Əlbəttə ki, bu təkcə müsəlman dünyasına xas olan mərəz deyil bu. Məsələyə geniş yanaşsaq, dünyanın harasında deyirsən, harınlanmış ünsürlər var ki, adi, elementar şeylərə xüsusi sifariş donu geyindirərək, ağlasığmaz məbləğlər xərcləyirlər. Araşdırmalar göstərir ki, hansısa insana – yetimə, imkansıza əl tutmaq lazım olanda, bunların əlləri çox bərkiyir. Əlbəttə ki, reklam xarakterli şoular istisna olunmaqla. Amma hər bir halda israfın heç 1 faizini də xeyriyyəçiliyə xərcləmirlər.
Bu mərəzlər ölkəmizə də aiddir. Kasıblıq gündən-günə artır, müxtəlif problemlər ölkə əhalisinin böyük bir hissəsini məşğul edir, amma istər ölkədə yaşayan, istərsə də başqa yerlərdə yaşayan millətimizə aid insanlar cah-calallı mərasimlər, ziyafətlər təşkil etməklə, hansısa bahalı ifaçını öz tədbirinə gətirtməklə öyünürlər, bir-birilə yarışırlar. Halbuki, bu pullar Azərbaycanın təbliğatını aparmağa, erməni yalanlarını ifşa etməyə xərclənə bilərdi. Bu pullar qürbətdə xəstəxanaların, məscidlərin, kitabxanaların tikilməsinə, azərbaycanlı balalar üçün məktəblərin açılmasına xərclənə bilərdi.
Mənəviyyatsızlığın baş alıb getməsini hamı deyir. Amma bu mənəviyyatsızlıq öz-özünə aradan gedən deyil ki. Maarifləndirmə işi aparılmalıdır, elmlənmə getməlidir. Nə görürük bunun əvəzinə? Nə görürük kitabxanaların, maraqlı və ağıllı proqramların, çeşidli layihələrin əvəzinə? Ucuz və mənasız, dayaz şoular efiri basıb. Qəlp dəyərlərin təbliği ayaq açıb yeriyir.
Qəribədəir – şəxsi, fərdi, nəfsani məsələlərdə təzahür edilən «əliaçıqlıq», nemətin hədəfi olmalı məsələlərdə qəflətən unudulur. Əksinə, bunun tam əksi görünür. Dünyanın o tayından gəlib burada yetimlərə, xəstələrə, qocalara ünvanlı proqramlar həyata keçirirlər, amma öz imkanlılarımız ildə neçə dəfə maşını təzələməklə, evini yenidən qurmaqla məşğuldur. Və bu vəziyyəti islah etməyin effektli yollarından biri də – ictimai tənqid, elin məzəmmətidir.
NƏFSLƏRİN TƏRBİYƏSİ
Hər kəs öz durumunu təhlil etsə, israfla bağlı nümunələrin aşkar olunması asanlaşar. Həmin ərəb şeyxinin nömrə ilə bağlı harınlığı çox gözə çarpandır. Amma kiminsə telefonla, geyimlə, saatla, digər məsələ ilə bağlı belə israfçılığı – gündəlik çox rast gəlinən haldır. Əlbəttə ki, söhbət keyfiyyətin qiymətlə uyğunluğundan getmir. Burada bahalılıq və ucuzluq mövzusundan çox, lazımlılıq, faydalılıq və optimallıq meyarlarına əsaslanmağa diqqət yetirməkdən bəhs edilir.
Həzrət Əli (ə) buyurur: «Camaat! Nəfslərinizin tərbiyəsi ilə məşğul olun və onu /nəfsi/ adətlərinə hərislikdən saxlayın».
Aydın oldu ki, insanın nəfsinin islahı həyata keçirildiyi halda, israfçılıq və bu kimi mənfi xüsusiyyətlərdən qurtulmaq mümkün olur. Amma nəfs nəyə adət edibsə, insan bunu təmin etdikdə, vəziyyət ağır olar. Dinimiz öyrədir ki, nəfsin adət etdiyi işlərin qarşısı alınmadıqda, islah mövzusu gündəmə gəlmir. Nəfsi istəklərin ardınca getmək heç zaman bu nəfsin doyması ilə nəticələnməz. Elə bir misal, nümunə yoxdur ki, kimsə nəfsi adətlərini təmin etməklə məşğul olsun və olan durumu ilə kifayətlənsin, tənəzzülü dərinləşməsin. Və belə hal zatən də real deyil. Zira, nəfsi istəklərin təbiətində onların artımı məsələsi durur.
Nəfsin müalicəsi ilə bağlı digər hədisdə Əmirəlmöminin (ə) buyurur: «Nəfslərinizlə daim cihad etməklə onlara hakim olun».
İnsan ara-sıra yox, fraqmental yox, daimi halda öz nəfsinin islahı ilə məşğul olmalıdır. Bir qədər ara verdikdə, nəfs əldən verdiyi mövqeləri asanlıqla zəbt edir, öz nəfsilə mübarizə aparmaq insan üçün çətinləşir.
İmam Əlidən (ə) nəql edirlər: «Həqiqətən, İlahi təqva – sizin qəlblərinizin dərdinin dərmanı … və nəfslərinizin çirkinliklərini təmizləyəndir».
Allahın buyurduqlarına riayət etməklə, Onun çəkindirdiklərindən çəkinməklə insan öz qəlbi mərəzlərini müalicə edə bilər və eyni zamanda nəfsani istəklərin ardınca getməkdən irəli gələn çirkinlikləri təmizləməyə müvəffəq olar.
İSRAF – PUÇLUQDUR
Dinimizin israfçılığın zəlaləti barədə etdiyi xəbərdarlıqlarda israfın mahiyyətinin açıqlanması önəmli yer tutur. İsrafın qınanma obyektinə çevrilməsinin əsas səbəbi - onun boşluğa, mənasızlığa aparmasıdır. İmam Əli (ə) buyurur: «İsraf - puçluqdur».
İsrafın əbəsliliyi, puçluğu, hər mənadan xali olması açıqlanır burada. Amma bu məsələlərdə ifrat-təfrit mövzusuna da diqqət yetirmək lazımdır. Bütün bunlarla yanaşı, mübarək dinimiz insanı asketik həyata, tərki-dünyalığa səsləmir. Bu kimi mövzularda dinimiz mötədilliyi bəyənir. Dinimiz nə tərki-dünyalığı, nə də israfçılığı bəyənir. Burada orta xətt əsasında hərəkət etmək dəstəklənir.
İsrafın mahiyyətində duran mənfiliyi aşkar edən digər hədisdə Həzrət Əlidən (ə) nəql olunur: «Malı nahaq yerə xərcləmək – israf və zay etməkdir».
Əhli-beytdən (ə) nəql olunan dualarda da israf mövzusu ilə bağlı narahatlıq öz əksini tapmışdır. Mübarək Əhli-beyt (ə) çeşməsindən gələn dualarda insanlar, bir çox həyati məsələlərlə yanaşı, israf kimi zəlalət gətirən xüsusiyyətlərdən də qorunmaq üçün münacat mədəniyyətilə tanış olurlar. İmam Səccaddan (ə) nəql edilən duaların birində deyilir: «Ey Allahım! Məni israf etməkdən çəkindir! Ruzumu tələf olmaqdan qoru! Malıma bərəkət verməklə onu artır və onu xeyir işlərdə xərcləməyin yolunu mənə göstər!».
Mübarək duada biz görürük ki, çox mühüm 4 nöqtəyə işarə edilir. Birincisi, isçrafdan çəkinmək üçün Allah Təalaya pənah aparılır, Allaha təvəkkül edilir. Bu ağır rəzilətdən qurtulmağın yolu göstərilir – Allaha sığınmaq. Əlbəttə ki, burada iradə etməyə də bir işarə var – israf etmək çəkindirilib-çəkindirilməyən bir şey olduğu üçün, insan iradəsinin rolu bu məsələdə çox böyükdür. Sadəcə bu təhlükənin ciddiliyini nəzərə alaraq, nəfsin tüğyan etməsinə qarşı mübarizə etmək üçün insan Uca Allahdan lütflə dolu yardım istəyir. İkinci mühüm nöqtə – ruzunun müxtəlif səbəblərdən – istər qəza kimi qeyri-iradəvi, istərsə də səhlənkarlıq kimi daxili xislətlər səbəbindən aradan getməsinə qarşı Allah Təalanın sonsuz rəhmətinə pənah aparılır. Növbəti məqam – mala bərəkət istəməklə bağlıdır. Məlum olduğu kimi, bərəkət bir kateqoriyadır ki, artıb-azala bilir və əksər hallarda bu – insanın əmələnin nəticəsidir. İndi insan dua edir ki, mənim əməllərimə qalsa, bəlkə bərəkətin üzünü də görmərəm, Sən öz lütfünlə az əməli çox et və bərəkəti artır. Ən mühüm məqamlardan da biri – malı xərcləməyin ünvanı ilə bağlıdır. İnsan edə bilər var-dövləti ona dünya və axirət səadəti gətirsin, edə də bilər ki, zillətə aparsın. Mömin də dua edir ki, Allah Təala ona xeyir ünvanını göstərsin, həyatın burulğanlı axarına başlı-başına buraxmasın.
NAMUSLU İNSANLAR DÜNYASI
Danimarkada yer alan təhqiramiz rəsmlərlə bağlı biabırçı olaylara toxunaraq, onu qeyd etməliyik ki, bu məsələdə yeni bir fenomen yer almışdır. Əlamətdardır ki, minlərlə danimarkalı gənc, İslama aidiyyəti olmayan insanlar bir araya gələrək, «Üzr istəyirik, ya Muhəmməd (s)» adı altında geniş imzatoplama kampaniyası, əslində barışdırıcı bir hərəkat keçirir, müsəlman dünyasına, inancı təhqir olunmuş insanlara üzrxahlıqlarını çatdırırlar. Öz-özlüyündə böyük bir məsələ olan bu hərəkat, universitet gəncliyi tərəfindən, əslində islamofobların əsas ünvanı olan insanlar tərəfindən həyata keçirildiyindən – xüsusi önəm kəsb edir. Bu hal bir daha onu göstərir ki, dünyanın harasında olmasından asılı olmayaraq, vicdanlı, namuslu insanlar arasında heç bir ziddiyyət yoxdur. Hər vəziyyətdə, hər şəraitdə öz insani vəzifəsini yerinə yetirən insanlardır bu dünyanın gələcəyi. Uca Allahdan duamız budur ki, dünyanın harasında olmasından asılı olmayaraq, vicdanlı, namuslu insanlara Öz tofiqatını nəsib etsin.
Şəhid Malkolm İks-in (ABŞ) həlak olmasının növbəti ildönümü günlərini yaşayırıq. Belə simaların ümmətə, İslamın inkişafına verdiyi xüsusi töhfə qeyd edilməlidir, unudulmamalıdır. Bunları şəhid edənlər – islami hərəkatı əngəlləmək istəyənlərdir. Lakin, qatillər nəzərə almırlar ki, şəhid qanı ilə bərəkətlənir məfkurə. Toplumları dirildən, onlara dinamiklik verən ən mühüm amillərdəndir bu şəhadətlər. Allah Təala cəmi bəşəriyyəti xeyirlə şəri ayırd edə bilənlərdən qərar versin, inşəallah!
Allahım! Bizlərə israf və harınlıqdan, bütün digər mənfiliklərdən uzaq olmaq, təqvaya sahib çıxanlardan, həqiqi dəyərlərə sadiq olanlardan olmaq tofiqatını nəsib et! Cəmi iman əhlinin Həzrət Peyğəmbər (s) və Əhli-beytinin (ə) yolunu gedənlərdən qərar ver! Qəsb olunmuş torpaqların, ibadətgahların tezliklə qəsbdən qurtulmasını, 12-ci İmam – Həzrət Mehdi Sahib əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et! AMİN!
Hacı İlqar İbrahimoğlu ilahiyyatçı-filosof, İçərişəhər «Cümə» məscidinin imam-camaatı |