Cümə söhbətləri Əhli-beyt (ə) mənbələrində insanın Allah Təala ilə ünsiyyətinə geniş yer verilmişdir. Bu münacatlar arasında Allahdan nə istəmək, nəyi diləmək mövzusu özünəməxsus məqam tutur. Zira, insana hansı xüsusiyyətlərin xeyir gətirə biləcəyi, onun durumuna hansı cəhətlərin müsbət təsir edəcəyi – dinimizin mərkəzi məsələlərindəndir. «MƏNƏ İZZƏT NƏSİB ET…»
Mübarək dinimizin münacat mədəniyyəti təqdimatında İmam Səccaddan (ə) nəql edilən dualar böyük və gözəl bir nümunə rolunu oynayır. Əslində bu dualarda insanın gündəlik həyatda daima istəməli və üzərində düşünməli məsələlər durur.
Bu mübarək dualardan birində İmam Səccad (ə) buyurur: «Allahım! Mənə izzət nəsib et, məni izzətli et!».
Bu məsələdən aydın olur ki, İmam Səccəd (ə) bizlərə Allahdan nə istəməlini öyrədir. Və bu sözdə hər məsələ var, hər mövzu əhatə olunub.
Bir sadə səslənən «izzət» sözündə nələr var! İnsan diqqətlə buna yanaşsa, Allahdan nə istəyəcəyinin fərqinə varsa, durumu necə də dəyişər!
Quran məntiqinə görə, izzətin mənbəyi Allahdadır. Müqəddəs kitabımızda izzətin Allaha, Rəsulullaha (ə) və iman sahibinə məxsusluğu bildirilir. Qurani-Kərimin 63-cü surəsinin 8-ci ayəsində bildirilir: «.. Halbuki, izzət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur…».
İzzət ilk növbədə Allaha məxsusdur. Yaradılmışlardan isə, Həzrət Peyğəmbər (s) və möminlər ona sahib olarlar. Uca Allah Öz lütfü, inayəti ilə onları izzət sahibi edər.
İzzət sözü bir Qurani anlayış olur burada. Elə ali söz olur ki, yalnız Peyğəmbərə (s) və həqiqi iman gətirənlərə aiddir. Bir sözdür ki, İmam Səccad (ə) Allahdan onu istəyir. Bu böyük Qurani anlayışın taleyüklü, vücudi bir mahiyyəti var. Lüğətşünaslar və dilşünavslar belə tərif verirlər: «İzzət bir insani halətdir ki, məğlub olmaqdan qoruyur, məğlub olmaq qarşısında bir maneədir». İnsanın əsarətə düşməsinə bir maneədir izzət.. İzzət – ruhun o ucalışına, yüksəlişinə, aliliyinə deyilir ki, qoymur insanı nəyinsə məğlubu olsun və onun zillətinə düçar olsun.
MALİK OLDUĞUNUN SƏNƏ MALİKİYYƏTİ?!
İzzət qoymur insan nəyinsə əsiri olsun. İstər malın, mülkün, istər qüdrətin, istər məqamın, istər şəhvətin, istər qəzəbin, istər bu qəbildən olan digər bir şeyin. Əgər bir kəs mala, mülkə, vəzifəyə və d. məğlub olubsa, yəni, bu deyilənlərlər onun üzərində qələbə çalıblarsa – absurd bir situasiya alınır. Zəkaya, təhlilə, şüur və iradəyə malik olan bir yaranmış olan insan qeyri-canlı və iradədən məhrum kateqoriyaları idarə etmir. Əksinə, bu şüursuz və iradəsiz nəsnələr onu idarə edir. Mal, mülk, sərvət, vəzifə gəlib bu insanın hərəkətlərinə rəhbərlik edir, əməllərinin necəliyindən tutmuş, ardıcıllığınadək ona diktə edirlər. Bu adama məğlub olunmuş deyirlər. Bu adama əsir deyirlər. Bu adam zəlil edibdir özünü bu illüzor, qeyri-real malikiyyət üçün.
Bir var insan illüzor, virtual da olsa nəyəsə malik olsun və bu «malik olduğunun» əsirinə çevrilsin. Bir də var insan buna doğru edilən səyin, buna canatmanın əsiri, avarası olsun. Bu prosesin qulu olsun. Malik olduğu insanı məğlub etdiyi bir yana, istəklər də məğlub edə bilir insanı. Olanı saxlamaq yolunda əsir düşmək bir yana, malik olmaq istəyi yolunda əsir olan insanlar var. Özünü istəyin idarəetməsinə təhvil verən var.
İstər malikiyyətə, istərsə də istəyə – mahiyyətcə təfavütü yoxdur – insan məğlub olubsa, öz şəxsiyyətini əldən vermiş olur. Öz izzətini itirmiş olur. İzzətin tərifindən öyrəndik ki, bu – bir maneedici halətdir ki, insanı məğlub olmaqdan çəkindirir. Əgər insan zillətə düşməkdən çəkinə bilmirsə, əgər insanın o halı, o vəziyyəti, o durumu yoxdursa ki, mala, qüdrətə, məqama, şəhvətə əsir olmaqdan, bunların zəlili olmaqdan qorunsun, əgər insanın daxıilində çəkindirici bir mexanizm yoxdursa – o, məğlub olunmuşlardandır. Bu insanda izzət adlı bir şey olmur.
HƏDƏFLƏ VASİTƏ SƏHV SALINMAMALI
Amma hər şey sadə anlamdan başlayır. İnsan nəyin nə üçün olduğunu yadına salmalıdır, nəzərindən qaçırmamalıdır. Əgər hər bir şey öz mövcudiyyət fəlsəfəsinə uyğun istifadə olunsa – problem yaranmaz. Əgər insan hər bir ona verilənin müvəqqətiliyini, ötəriliyini, əbədi olmamağını anlasa – bunlardan o miqdarda istifadə edəcək ki, ona lazımdır. İnsan bunlardan sırf öz həqiqi mövcudiyyəti, əbədi mövcudiyyəti üçün faydalansa, qaliblərdən olar.
Amma əgər insan öz nəfsini ram edə bilməsə, müvəqqətiyyatı özü üçün hədəf seçsə – özünü məğlub etdirər. Özünü məğlub etdirsə – izzətini əldən verər.
İzzətə sahib insan… Şəxsiyyəti əziz olmuş insan… Nə böyük bir səadətdir bu! İnsan özü mərtəbələndirir öz şəxsiyyətini: əziz də edən özüdür, zəlil də edən. Əsas odur ki, insan zəliledici, məğlubedici, aşağılayıcı amillərin qarşısını alan, onlara qarşı maneə rolunu oynayan bir daxili halətin mövcudluğunu qorusun və inkişaf etdirsin. İzzət adlanan bu daxili halətin varlığına və intibahına nə xidmət edirsə, bunları artırsın və dərinləşdirsin. Bu daxili haləti nə zəiflədirsə, aradan aparırsa – bunları özündən rədd etsin. Onda nicat tapanlardan olar.
MƏĞLUB OLMAMAĞIN YOLU
Quran bizə deyir ki, izzət Allaha məxsusdur. Allah isə həmişə qalibdir. Heç zaman heç nəyə məğlub ola bilməz Uca Yaradan. Və yaradılmışların içində, insanlar sırasında o kəslər ki, Allaha bağlanarlar, Allah Təalaya qovuşmaları olar – bunlar da o izzət çeşməsindən bəhrələnənlərdən olarlar. İzzət adlı o mübarək anlam əmələ gələr bu insanlarda. İnsan bacarsa o məğlubiyyətdən qurtulsa və azad olsa – qalibə çevrilər. İzzəti olan qaliblərdəndir. Peyğəmbər (s) və Əhli-beytinə (ə) bənzəyənlərdən olar izzətli insan.
Aydın olur ki, izzət – o Azad İnsana məxsus bir keyfiyyətdir ki, bu keyfiyyət onu heç bir nəfsani isətəklərə və bu kimiyə məğlub olmağa, zəlil olmağa, əsir olmağa imkan vermir və bu insanın AZAD yaşamasını təmin edir.
Qeyd etdik ki, Əhli-beytdən (ə) gələn mənbələrdə Allah Təaladan izzətin istənilməsinə, bu nəcib keyfiyyətin əta olunmasına dair çoxlu dualar vardır. İmam Səccadın (ə) dualarından görürük ki, Allahdan izzət istəniləndə əslində azad olmaqlıq istənilir. İzzətin verilməsi ilə İlahi lütfün tamamlanması istənilir. Malın, sərvətin, şəhvətin, qüdrətin qulu olmaqdan qorunmaq istənilir Allahdan. Belə aşağı şeylər müqabilində məğlub olmaq kimi acı aqibətlə üz-üzə qalmaqdan qorunmaq istənilir Allahdan. Bunların əsiri olmaqdan, zəlili olmaqdan çəkindirilmək istənilir Allahdan.
Bütün bu istəklərin, duaların bir ümumi məxrəci vardır. İnsan bir ruhi keyfiyyətə malik olsa ki, onu mənfiliklərin əsiri olmaqdan çəkindirir – ruhi tərəqqisi labüddür. İradənin və şüurun məhsulu olan bu ruhu halət insanın hər vəziyyətdə qalib çıxmasını təmin edir.
İzzətə malik olmaq insanın istər fərdi müstəvidə, istər ailə müstəvisində, istər ictimai həyatda baş verən hadisələrə və vəziyyətlərin hamısına aiddir. İnsan izzətli olsa, heç bir halda, həyatın heç bir məqamında məğlubiyyətə düçar olmaz. Uca Allahdan duamız budur ki, gündəlik həyatda hər bir insana izzətli olmağı nəsib etsin!
İSLAMOFOBLAR HƏDƏFİNƏ ÇATMAMALIDIR
Hollandiyada mənfur islamofob olaylarına toxunaraq biz ilk öncə bu proseslərin təbiətini açmalıyıq. Ümimiyyətlə, yaşadığımız dövrdə İslam dininə qarşı ictimai rəydə qərəzli stereotiplərin formalaşdırılması kimi təhlükəli bir tendensiya sezilməkdədir. Belə ki, ABŞ-da 11 sentyabr 2001-ci ildə baş vermiş terror aktlarından sonra bir çox yazılı və elektoron KİV-lərdə İslama və onun ardıcıllarına qarşı böhtan və təhqir xarakterli kampaniya başlamışdır və bu məsələ tək müsəlmanları deyil, bütün dünyanın mütərəqqi insanlarını narahat etməkdədir.
Günümüzdə də bütün mütərəqqi dünya Hollandiyanın ifrat irqçilərindən olan Geert Vildersin anti-islami filminin internetdə nümayişi ilə bağlı dərin narahatlııq keçirir və bu anti-islami filmi pisləyir.
Filmin nümayişində yeganə məqsəd – inanclı insanların hisslərini təhqir etməkdir. Biz bu mənfur əməlləri pisləyir və bu əməllərə yol verən şəxsləri primitiv və alçaq islamofobiyada ittiham edirik. Vilders öz iyrənc filmində İslamı zorakılıq ilə tədayiləşdirir. Ekstremizmi və zorakılığı zatən rədd edən bir din olaraq, İslam hər zaman belə müqayisələrdən pak və yüksəkdir. Vildersə və onun kimilərə gözəl məlumdur ki, məhz müsəlmanlar ifrat əməllərin əsas qurbanları və diskriminasiyanın əsas hədəfidirlər. Şübhəsiz ki, biz çox primitiv üsulla anlayışların bilərəkdən əvəzlənməsinin, pis rədələnmiş irqçiliyin və ksenofobiyanın təzahürünün şahidiyik.
İradəvi surətdə və qərəzlə insanların şüurunda İslam dinini terrorçuluq və zorakılıqla eyniləşdirmək cəhdləri aşkar kampaniya xarakteri almışdır və bu proses artıq ən təhlükəli həddə yetişmişdir.
Kütləvi informasiya vasitələrində dinlərə və dini müqəddəsatlara qarşı böhtan və təhqir qətiyyən yolverilməzdir və buna yol verənlər qanunun bütün sərtliyi ilə cəzalandırılmalıdırlar. Bütün bunlar ksenofobiyanın və dözümsüzlüyün təzahürlərindən başqa bir şey deyildir və bunları təzahür azadlığı kimi qələmə vermək cəhdləri heç bir hüquqi və məntiqi gücə və əsasa malik deyildir.
Avropada müsəlman əhalisinin artan xətt üzrə dəyişməsi irqçiləri və ksenofobları ciddi narahat etmişdir və əslində dözümsüz olan bu ünsürlər öz mahiyyətlərini müxtəlif bəhanələrlə gizlətməyə çalışaraq, müsəlmanlar üçün dözülməz psixoloji şərait yaratmaq və onların cəmiyyətdən tamamilə təcrid olunmasına, perspektivdə isə mühacirət etməsinə nail olmaq istəyirlər. Bunların şüarları və hədəfləri bütün irqçilərin və ksenofobların şüar və hədəfləri ilə tamamilə eynidir.
Onu da qeyd etmək lazımdır ki, beynəlxalq birlik bu sərsəmləmələri qətiyyətlə pisləmişdir və bu yerində, dərhal və adekvat verilmiş reaksiyalar irqçi və islamofobları öz yerində oturtmaqla yanaşı, mədəniyyətlərin qarşılıqlı inteqrasiyası və yaxınlaşması prosesinə böyük töhfə vermiş olur.
Bir mühüm nöqtəni də qeyd etmək zəruridir. İnanclı insanlara müraciətlə hər bir etirazın yalnız İslamın bəyəndiyi formada olmasının vacibliyinə diqqət çəkirik. İslamofobların öz məqsədlərinə çatmasına yol vermək olmaz.
Ölkəmizdə ən aktual məsələlərdən biri – jurnalistlərin və onlara qoşulan ictimaiyyət fəallarının aclıq aksiyasıdır. Bu aksiyalar – son həddə olan bir etirazdır. İnsan öz sağlamlığını təhlükədə qoymaqla nəyəsə etiraz edirsə, bu – vəziyyətin son dərəcədə böhran həddə olmasına dəlalət edir. Cəmiyyət süst və laqeyd bir durumdadır. Məhz bu amil vətəndaş cəmiyyəti fəallarını belə ifrat vasitələrlə insanların diqqətini problemlərə cəlb etməyə məcbur edir. Cəmiyyətin bu məsələyə diqqət yetirməsi və dəstək verməsi çox mühüm amildir və yalnız laqeydlik atmosferi aradan gedərsə, vəziyyət müsbətə doğru dəyişə bilər. Azad sözün olmadığı cəmiyyətdə heç bir hüquq yaşaya bilməz və jurnalistin yazısına görə təqib olunması qətiyyən yolverilməzdir. Bu tələblərə qoşularaq, həbsdə olan jurnalistəlrin azad olunmasını istəyirik və ümid edirik ki, sağlam zəka qalib gələcəkdir.
Allahım! Cəmi insanlara dəyərli həyat və gözəl axirət qismət et!
Allahım! Ağsaqqalları Kərbəla ağsaqqallarına, cavanları o mübarək cavanlara layiq et!
Allahım! Düşmən tapdağı altında olan torpaqların, məxsusən də, Qarabağın və Qüdsün azadlığını nəsib et!
Allahım! O kəs ki, gözlər onun intizarındadır – Həzrət İmam Sahib-əz-Zamanın (ə.f.) mübarək zühurunu təcili et! Bizi onun zühurunu tezləşdirənlərdən qərar ver! AMİN!».
KEÇƏN CÜMƏLƏRİN SÖHBƏTLƏRİ
HƏR SƏHNƏSİNDƏ ƏXLAQ DƏRSİ OLAN HƏYAT KƏRBƏLANIN İLK ZƏVVARI İSRAF və HARINLIQ: BUNLARDAN NECƏ QAÇMALI? NƏ SİMADA TƏRK EDƏR BU DÜNYANI İNSAN? NEMƏTLƏRƏ YAXŞI YOLDAŞ OLUN İBLİSİ QORXUDAN 5 KEYFİYYƏT QƏDDARLARIN QARIŞQATƏK TAPDANACAĞI GÜN… AŞURA: HÜRRİYYƏT və AZADƏLİK DƏRSLƏRİ MƏHƏRRƏM və BİZ AXTARDIĞI GÖZÜ ÖNÜNDƏ OLAN İNSAN
|