Cüme axşamı, 21.11.2024, 13:47
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 7
    Qonaq: 7
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 3 » QAFQAZ MÜSeLMANLARI İDAReSİ
    08:38
    QAFQAZ MÜSeLMANLARI İDAReSİ
     
    Şeyxülislam və müfti vəzifələrinin təsis edilməsi
       
        Çar Rusiyasının Cənubu Qafqazı işğal etməsindən sonra bütövlükdə Qafqazın, o cümlədən Azərbaycanın müsəlman əhalisini, əsasən İran və Türkiyənin din alimlərinin və dini mərkəzlərin tabeliyindən və mənəvi təsirindən uzaqlaşdırmaq, həmçinin, müsəlman əhaliyə din xadimləri vasitəsi ilə mənəvi təsir göstərmək, müsəlman ruhaniliyini xalqın gözündən salmaqla onların xalqa təsir etmək imkanlarını heçə endirmək məqsədi ilə çar hökuməti Qafqazda ali dini rəhbər - Şeyüxülislam və Müfti - vəzifələrinin təsis edilməsini qərara aldı. 1823-cü ildə Qafqaz şeyxülislamı, 1832-ci ildə isə Qafqaz müftisi vəzifələri təsis edildi. Lakin, bu vəzifələrin təsis edilməsi heç də ruhani idarəsinin yaradılması demək deyildi. Şeyxülislam və müfti təkbaşına fəaliyyət göstərirdilər və onların əsas vəzifəsi ruhani adları təsdiq etməkdən ibarət idi. Qafqaz şeyxülislamı vəzifəsi, bir qayda olaraq, Tiflisdə yerləşən şiə müsəlman məscidinin axunduna həvalə olunurdu. Müftiliyin isə mərkəzi bir müddət Kazan şəhəri, sonra isə Tiflis olmuşdu. 1828-ci ildə Təbriz müctəhidi Ağa Mir Fəttah Təbatəbainin Qafqazın şiə məzhəbindən olan ruhanilərinə başçı təyin olunması ilə şeyxülislamın funksiyaları xeyli dərəcədə məhdudlaşdırıldı. Eyni vaxtda həm müctəhidin, həm də şeyxülislamın saxlanması sonralar həmin vəzifələri tutan din xadimləri arasında münaqişələrə gətirib çıxarırdı. Halbuki, İslam ənənələrinə görə, ən yüksək dini dərəcəyə malik olan şəxs - konkret halda müctəhid - şeyxülislam vəzifəsinə təyin edilməli idi. Buradan belə nəticə hasil etmək olar ki, ruslar bilərəkdən din xadimləri arasında münaqişə ocağını söndürmək istəmirdilər, müctəhidi ali dini rəhbər təyin etməklə yanaşı, şeyxülislam vəzifəsini də digər bir şəxsə həvalə edirdilər. Çarizm həmişə dindar müsəlman əhalisini mənəvi basqı altında saxlamağa çalışmışdır.
       
        Ruhani idarələrinin təsis edilməsi:
        müctəhid-şeyxülislam münasibətləri
       
        XIX əsrin ortalarında Cənubi Qafqaz şiə müsəlmanlarına rəhbərlik etmək məsələsində müctəhidlə şeyxülislam arsında münaqişə kəskinləşdi. Bu münaqişənin əsil səbəbkarı Rusiyanın Qafqazdakı rəhbərliyi idi. Onlar imperiya maraqlarını əsas tutaraq, bir tərəfdən şiə müsəlman din xadimlərinin İranla əlaqələrini məhdudlaşdırmaq siyasətini aparırlar, digər tərəfdən isə, İrandan gələn - vaxtilə Təbriz müctəhidi Ağa Mir Fəttah kimi - Ağa Şeyx Əlini Cənubi Qafqazın şiə müsəlmanlarına dini rəhbər təyin edirdilər.
        Şeyxülislam dini rəhbər statusunu itirmişdi, onun vəzifəsi Tiflis məscidinə, məscidin əmlakına və xırda dini ayinlərə rəhbərlk etməklə məhdudlaşdırılmışdı. Nəticə etibarilə, belə vəziyyət çar hökumətini da narahat etməyə başladı və 60-cı illərin əvvəllərində onlar müctəhidliyin ləğv edilməsi ideyasına üstünlük verməyə meyl etdilər.
        İmperator Aleksandr 1862-ci ilin noyabrında Axund Əhməd Hüseynzadənin Zaqafqaziya şeyxülislamı təyin olunması və ona Zaqafqaziya diyarının gəlirləri hesabına ayda 1600 rubl məbləğində məvacib veilməsi barədə qərarı təsdiq etdi.
       
        Cənubi Qafqaz şiə və sünni müsəlman ruhani idarələrinin təsis edilməsi
       
        II Aleksandr kiçik qardaşı Mixail Nikolayeviçin canişiliyi dövründə (1862-1882) Cənubi Qafqaz müsəlman ruhaniliyi təşkili istiqamətində işlər sürətləndirildi və nəhayət, öz həllini tapdı.
        Müfti Məhəmmədzadə və şeyxülislam Axund Əhməd Hüseynzadə 1864-cü lin sonunda Baş İdarənin vitse-direktoru Bulatovun sədrliyi ilə yaradılan komissiyanın tərkibinə daxil edildilər. Komissiyanın hazırladığı layihədə müsəlman ruhaniliynin iyerarxik quruluşunun müəyyənləşdirilməsi nəzərdə tutulurdu. Ruhani idarələrində təmsil olunacaq din xadimləri dərəcələrə bölünürdü. Aşağı dərəcəyə vəzifələri dini mərasimləri icra etməkdən və məscid məktəblərində təhsil verməkdən ibarət olan məscid mollaları aid edilirdilər. Məscid ruhaniliyinin idarə olunması ikinci dərəcəyə aid edilən mahal qazılarına həvalə olunurdu. Üçüncü dərəcəni dairə qazıları təşkil edirdilər. Ali dini dərəcəyə sünnilərdə müfti, şiələrdə şeyxülislam aid edilirdilər. Onlar ruhani idarələrinə başçılıq edirdilər. İdarələrin fəaliyyətinə hökumət nəzarətini həyata keçirmək üçün prokuror nəzarəti statusunda xüsusi nəzarət qurumu təsis edilirdi.
        Aşağı dərəcəyə aid edilən ruhanilərin seçilməsi, ali dərəcəyə aid edilənlərin isə təyin edilməsi nəzərdə tutulurdu. Adların və vəzifələrin irsən ötürülməsinə birmənalı şəkildə yol vermirdi.
        Başda sünnilərdə müfti, şiələrdə şeyxülislam olmaqla Zaqafqaziya müsəlmanlarının ruhani idarələri yaradılırdı. Hər iki dini rəhbərə fətva vermək hüququ verilirdi (Yenə orada, s.148).
        Nəhayət, çar II Aleksandrın 5 aprel 1872-ci il tarixli fərmanı ilə «Cənubi Qafqaz Şiə və Sünni Məzhəbləri Müsəlman Ruhani İdarələri haqqında» Əsasnamələr təsdiq edildi. Beləliklə də, Güney Qafqazda müsəlmanların iki dini idarəsi - Şiə və Sünni Ruhani İdarələrə təsis edilmiş oldu. Bu əsasnamələr, əsaslı dəyişiklikliyə uğramadan, 1917-ci ilin fevralına kimi qüvvədə qaldı.
        Çar hökumətini yeni seçilən din xadimlərinin İslam qanunlarını nə dərəcədə bilməsi bir o qədər də maraqlandımırdı, onlar üçün əhəmiyyətli olan din xadimlərinin Rusiya imperiyası qanunlarını və rus dilini bilmələri idi. Rus dilini bilməyənlər vəzifəyə müvəqqəti seçildikləri vəzifəni icra etdikləri müddətdə onların qarşısında həmin dili öyrənmək bir şərt kimi qoyulurdu.
        Çar hökuməti İslami biliklərlə müqayisədə rus dili və Rusiya qanunlarına üstünlük verməklə müsəlman din xadimlərini özünə daha da bağlamaq, onları xalqdan daha da uzaqlaşdırmaq, dini baxımdan savadlı olmayan şəxslər üçün yüksək dini vəzifələrə gedən yolda yaşıl işıq yandırmaq istəyirdi. Məhz bunun nəticəsində nəinki aşağı ruhaniliyinin, həm də yüksək dini vəzifələr tutan şəxslərin arasında savadsızlıq yayıldı, bir çox din xadimləri nüfuzdan düşdülər və əhalinin onlara etimadı azaldı.
        Beləliklə, çar hökumətinin Azərbaycanda müsəlman ruhaniliyinin təşkili istiqamətində XIX yüzilliyin 20-ci illərin sonlarından başlanan fəaliyyəti yalnız 40 ildən sonra özünün məntiqi nəticəsini tapmış oldu. Rus işğalı nəticəsində olmazın təqiblərə məruz qalan, öldürülən, sürgün edilən, hüquqları tapdalanan, imtiyazlardan məhrum edilən müsəlman din xadimləri, qismən də olsa, əvvəlki mülki-inzibati hüquq və imtiyazlarını bərpa etdi, lakin xanlıqlar dövründə malik olduğu böyük siyasi nüfuzu, eləcə də cəmiyyətin mənəvi həyatında oynadığı rolu bir daha bərpa edə bilmədi.
       
       
    XALQ CÜMHURİYYƏTİ İLLƏRİNDƏ
        (1918-1920)

       
        1918-ci il 28 may günü Tiflisdə Milli Şura Azərbaycan İstiqlalını elan edən zaman Cənubi Qafqaz Şiə və Sünni Ruhani İdarələri də bu şəhərdə yerəşirdilər. Qafqazda müstəqil dövlətlərin yaradılması və bu dövlətlər arasında münasibətlərin vahid dini idarədə birləşməsini, demək olar ki, mümkünsüz edirdi. Ona görə də, Azərbaycan hökuməti Cənubi Qafqaz Ruhani İdarələrinin Azərbaycana, Gəncə şəhərinə köçürülməsini məqsədəuyğun hesab etdi.
        Məhz Gəncədə vahid dini idarənin yaradılıması məsələsi gündəliyə çıxarıldı. Maraqlıdır ki, vahid dini idarənin yaradılması ideyasını ilk olaraq ruhani rəhbərlər irəli sürdülər və sonra da bunu həyata keçirdilər. Bu, onu göstərir ki, çarizmin məzhəb ayrılıqlarından istifadə edərək Azərbaycan dindarları arasında düşmənçilik yaratmaq niyyətləri baş tutmamışdı. Ruhanilər idarənin Türkiyə nümunəsi əsasında, «Məşixət» adı altında yenidən qurulması təşəbbüsü ilə çıxış etdilər. Şeyxülislam və müftinin 1 sentyabr 1918-ci il tarixli birgə qərarı ilə hər iki idarə «Məşixət» adlanan vahid bir idarədə birləşdirildi. Bakının azad edilməsindən sonra isə Məşixət bu şəhərə köçdü.
        1920-ci ilin martında hökumət Məşixət sədrlərinə nazir köməkçiləri ilə eyni status verilməsi barədə sərəncam verdi.
        Məşixət hər hansı bir şəxsi ruhani kimi vəzifəyə təyin edərkən, yerli rəhbərliyin həmin şəxs barədə rəyini, başqa sözlə desək, onun haqqında xasiyyətnaməni nəzərə alırdı. Lakin, bu heç də o demək deyildi ki, təyinat mülki rəhbərliyin rəyindən asılı olaraq verilirdi. Çar istibdadı dövründən fərqli olaraq, Parlamentin qəbul etmiş olduğu yeni qanunlara görə, ruhani vəzifələrə təyin etmə birbaşa Ruhani İdarəsinin səlahiyyətinə verilmişdi.
       
        SOVET HAKİMİYYƏTİ İLLƏRİNDƏ
       
        Zaqafqaziya Müsəlmanlarının Ruhani İdarəsi
       
        Sovet işğalından sonra mövcud dini vəziyyətə nəzarəti effektiv həyata keçirmək üçün hökümətin tam nəzarəti altında olan müvafiq dini idarənin formalaşdırılması labüd idi. 1943-1944-cü illərdə SSRİ Ali Soveti Rəyasət heyətinin müvafiq qərarı ilə SSRİ-dəki müsəlman obyektlərinə və ruhanilərinə əməli rəhbərlik etmək üçün aşağıdakı müstəqil müsəlman ruhani idarələri yaradılır:
        1. SSRİ-nin Avropa hissəsi və Sibir Müsəlmanlarının Ruhani İdarəsi (Ufa şəhərində); 2. Orta Asiya və Qazaxıstan Musəlman Ruhani İdarəsi (Daşkənd şəhərində); 3. Zaqafqaziya Müsəlmanlarının Ruhani İdarəsi (Bakı şəhərində); 4. Şimali Qafqaz və Dağıstan Müsəlmanlarının Ruhani İdarəsi (Mahaçqala şəhəri).
        Zaqafqaziya Müsəlmanlarının Ruhani İdarəsi SSRİ Ali Soveti Rəyasət heyətinin 14 aprel 1944-cü il tarixli 17 nömrəli qərarı ilə təşkil edilmişdir. 1944-cü il mayın 25-28-də Zaqafqaziya Müsəlmanlarının birinci qurultayı olmuşdur. Qurultay Axund Ağa Əlizadəni Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin (ZMRİ) sədri seçmişdir. Ona Şeyxül-islam dini rütbəsi verilmişdi. Bu Ruhani İdarəsi Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarında yaşayan müsəlmanlara və onların məscidlərinə dini rəhbərlik etmək üçün yaradılmışdı. Cənubi Qafqazın müsəlmanlar yaşayan bir çox yaşayış məntəqələrində məscid və ruhanilərə böyük ehtiyacın olmasına baxmayaraq, müsəlman əhalinin vicdan azadlığı, dindarların etiqad imkanları boğulur, onlar öz dini hisslərini gizlətməyə məcbur olurdular.
        ZMRİ mahiyyət etibarilə tamamilə yeni bir istiqamətdə qurulmuş təşkilat olduğunu xüsusi vurğulamaq lazımdır. Belə ki, hələ çar höküməti dövründən dini idarələr burada sünni və şiə olmaqla, iki müstəqil, bir-birindən ayrı qurumlar kimi fəaliyyət göstərirdilər. 1944-cü ilin may ayında təsis edilən ZMRİ yaradılarkən hər iki müsəlman dini cərəyanlarına mənsub olan dini təsisatlara, məscidlərə, din xadimlərinə dini rəhbərlik vahid İdarə tərəfindən birgə həyata keçirildi. Zaqafqaziyada yaşayan müsəlmanların şiə və sünni cərəyanlarına mənsub dindarların miqdar nisbəti nəzərə alınaraq, bu təşkilatın İdarə heyətinin 7 üzvündən 4-ü şiə, 3-ü isə sünni cərəyanının nümayəndələri seçildi. İdarənin sədri vəzifəsini çoxluq təşkil edən şiələrin nümayəndəsi tutmuşdur, ona Şeyxül-islam rutbəsi verilmişdir. Sünnilərin nümayəndəsi isə Ruhani idarəsi sədrinin müavini vəzifəsini tutmuşdur. Ona da müfti rütbəsi verilmişdir.
        1980-ci ildən etibarən Şeyxül-islam Allahşükür Paşazadə ZMRİ-nin sədri vəzifəsinə seçilmişdir. Qeyd edək ki, hələ həmin dövrdən bu vəzifəyə seçilmiş Paşazadə günümüzədək hazırda Qafqaz Müsəlmanları dini İdarəsi adlanan (1998-ci ildən), lakin mahiyyət etibarilə ZMRİ-nin varisi olan elə həmin dini təşkilata rəhbərlik etməkdədir. 2003-cü ildə keçirilən Qafqaz xalqlarının qurultayında Paşazadə ömürlük Şeyxülislam seçilmişdir
       
        MÜASİR DÖVR
        Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və
        Qafqaz Müsəlmanları İdarəsi
       
        Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra dinlə bağlı kifayət qədər geniş məzmunlu qanunlar qəbul edilmişdir. Bu qanun və qəbul edilmiş bir sıra qərarlardan irəli gələrək dövlətin dini siyasətini icra edəcək bir dövlət idarəsinə ehtiyac yaranmışdır. Bu ehtiyacdan irəli gələrək, Azərbaycan Respublikasının sabiq Prezidenti Heydər Əliyevin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə «Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi» yaradılmışdır.
        Bu Komitənin fəaliyyətinin əsas istiqamətləri Prezident H.Əliyevin 20 iyul 2001-ci ildə 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»də öz əksini tapmışdır.
        Əsasnamədə Komitənin əsas vəzifələri də göstərilmişdir:
        Dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması;
        Dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi;
        Dini qurumların Azərbaycan Respublikasnın qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatının aparılması, bu qurumların nizamnamələrinə (əsasnamələrinə) müvafiq qaydada dəyişikliklər və əlavələr edilməsinin təmin olunması və s.
        Komitə olduqca geniş səlahiyyətlər almışdır. Bununla belə QMİ də qanunvericilikdən «öz payını» əldə etməyə nail olmuşdur. Hərçənd ki, onun keçmişdəki səlahiyyətləri öz potensial qüvvəsini əldən vermişdir. Artıq qeyd edildiyi kimi, QMİ hələ keçən əsrdə yaranmış şeyxülislamlıq institutunun yeni adıdır. Optimal surətdə istifadə olunarsa, bu İdarənin əlverişli səlahiyyət və imkanları mövcuddur. Təmiz din xadiminə inam kultunun güclü olduğu Azərbaycan kimi ölkədə bu İdarənin mövqeyi hətta daha güclü ola bilərdi. Lakin Qafqaz Müsəlmanları İdarəsi bunların heç birindən istifadə edə bilmədi. Son illərdə ona qarşı irəli sürülən ittihamları rədd edərkən, ictimai fikrin onun tərəfində olmadığını gördükdə və bu rəyi dəyişməyə çalışaraq Qafqaz Müsəlmanları İdarəsi bir qədər aktiv ictimai faliyyətə başlamağa cəhd göstərdi. Lakin bu ictimai uğursuzluğun səbəbi son 11 ildə əldən buraxılmış imkanlarda idi. 1990-cı illərin əvvəllərində çox qısa bir dövr ərzində nəşr olunmuş «İslam» qəzeti istisna olmaqla, bu dövr ərzində Qafqaz Müsəlmanları İdarəsi heç bir dövri mətbu orqanı nəşr etməmiş, heç bir yadda qalan kitab və ədəbiyyat çapa verməmiş, heç bir kütləvi xeyriyyə aksiyası təşkil etməmiş, ictimai dini maarif sahəsində heç bir addım atmamış, heç bir parlaq din xadimi ilə yadda qalmamış, ölkəni bürüyən missionerlik və təriqətçilik dalğası zamanı fəallıq göstərməmişdir. 11 il davam edən süstlüyün fonunda son dövrlərdə nümayiş etdirilən nisbi fəallıq - Rusiyada nümayəndəlik açılması, uşaq evlərinə yardım, «Kəlam» adlı yeni jurnalın və «İslam-press» qəzetinin nəşri, mollaların səviyyəsinin yoxlanılması çağırışları, ictimai problemlərə maraq və s. - bir daha Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra yaranmış bir növ «rəqabətin» son nəticədə müsbət istiqamətdə xidmət etdiyini nümaiş etdirmiş olur.
    «Yeni Şərq» Elmi Araşdırmalar Mərkəzi
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 2831 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər