Şenbe, 21.12.2024, 19:47
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 34
    Qonaq: 34
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 10 » HACI iLQAR:
    14:21
    HACI iLQAR:
     
    Cümə söhbətləri
      

        Keçən bəhslərimizdə izzət, onun əhəmiyyəti və bu mühüm dəyərə malik olmağın, bunu qorumağın və inkişaf etdirməyin üsul və yolları haqqında, bu dəyərdən məhrum olmağın gətirdiyi acı aqibət haqında danışdıq. İzzətə aid mövzuları işıqlandırdıqda, İmam Səccadın (ə) mübarək duasına toxunduq. Qeyd etdik ki, Həzrətin (ə) duasında izzət dilənməklə yanaşı, mühüm məsələ kimi, təkəbbürdən uzaq olmaq mövzusuna toxunulur.
     
      TƏKƏBBÜRLÜ OLANLARI ALLAH ALÇALDAR


        Dinimiz xəbərdar edir insanı ki, diqqət yetirməsə, asanlıqla səddi aşıb, izzət müstəvisindən təkəbbür müstəvisinə keçə bilər. Bununla yanaşı, insan digər ifrata vara bilər – təvazökarlıq müstəvisindən zillət müstəvisinə keçə bilər.

        Amma bugünkü bəhsimiz təkəbbür mövzusu ilə bağlı olacaq. Günümüzdə də ən aktual məsələlərdən biridir bu. İnsanın istər fərdi həyatında, istər ictimai həyatında bu – çox böyük əhəmiyyət kəsb edən mövzulardandır. Axı bəzən məhz təkəbbür insanların dinə-imana gəlməsini əngəlləyən ən ciddi sədd rolunu oynayır.

        Qeyd etdik ki, izzət və təkəbbür – qonşu məfhumlardır və insan süstlük etsə, özü də hiss etmədən bir müstəvidən digərinə keçə bilir. Və elə olur ki, həqiqəti tapmış insanın izzətli durumu digərləri üçün təkəbbür kimi görünür və ya əksinə, insan özü izzətli olmağı təkəbbür kimi başa düşür və bu səbəbdən digərlərinə yuxarıdan aşağıya baxmağa başlayır, camaatı dindən pisikdirir.

        Əslində isə, təkəbbürlülük – insana ən yad və uyğunsuz xislətlərdəndir. Əziz İslam Peyğəmbəri buyurur: «Təkəbbürlü olanları Allah alçaldar».

        Yəni, hər kim ki, özünü yüksək, böyük bilsə və digərlərini isə aşağı saysa, özünün Allah Təala tərəfindən alçaldılmasına səbəb olar. Odur ki, insan özünə qiymət vermədə, özünü dəyərləndirmədə diqqətli olmalıdır. Əlbəttə ki, insan öz şəxsiyyətini qorumaqda həssas olmalıdır. Varlığının mahiyyətini, bəndə olmağın mahiyyətini, əhəmiyyətini dərk etməlidir insan. Belə olsa, yalnız Allahın bəndəsi olur o. Hər nə ki, onu Allahdan uzaqlaşdırır – bu şeyləri kiçik bilir. Nəticədə o, yalnız Uca Allaha tapınır. Xoş olsun belə bəndənin halına. Amma bu məsələnin bir tərəfidir.

        Məsələnin digər tərəfi odur ki, insan özünü dəyərləndirməkdə ifrata vara bilər, Allahın başqa yaratdıqlarını, başqa bəndələrini kiçik hesab edə bilər. Bu halda insan özünü izzət müstəvisindən kənarlaşdırıb, keçirir təkəbbür müstəvisinə. Görürük ki, izzət necə ucalıq, yüksəklik gətirirsə, təkəbbür də bunun tam əksini – zilləti çəkib gətirər.

        Təkəbbür edən kəs düşünürsə ki, bununla böyüyəcək, bununla durumu yaxşılaşacaq – böyük yanlışlıq etmişdir. Əksinə, təkəbbür edən kəs, avtomatik olaraq, Allahın mübarək vücudunun təsiri ilə özünü alçaltmağa məruz qoymuşdur.

        TƏKƏBBÜR İNSANI GÜNAHA BATIRAR

        Eyni mövzuya Həzrət Əli (ə) də toxunur: «Kim özünü camaata böyük kimi göstərsə, xar olar».

        Əslində bunlar – toplumda birgəyaşayış qaydalarıdır ki, Həzrət Peyğəmbər (ə) və onun pak Əhli-beyti (ə) inancı olan insanlara təlim edir. Sən ucalıq istəyirsənsə – yolu təvazödədir, deyir dinimiz.

        Təkəbbürə xas digər mənfi cəhət odur ki, təkəbbür insanı günah bataqlığına aparar. Əziz İslam Peyğəmbəri (s) buyurur: «Tamah, təkəbbür və paxıllıq günahlara batmağın səbəbidir».

        Görürük ki, təkəbbür nəinki insana ucalıq gətirmir, əksinə, alçaqlıq, xarlıq gətirir. Digər tərəfdən təkəbbürün insanın bilavasitə vücudi durumu ilə əlaqəsi vardır – təkəbbürlük insanı birmənalı olaraq günah girdabına aparır.

        Təkəbbürün əqllə tərs mütənasib bir bağlılığı vardır. Nə qədər əql çoxdursa, insan o qədər təkəbbürün mənasızlığını anlayır. Nə qədər təkəbbür çoxalırsa, əql o qədər azalır. Təkəbbürlülüyün mahiyyəti elədir ki, əqlllə bir yerə sığmır.

        Təkəbbürlə haqqın da əlaqəsini bilmək mühümdür. İnsan nə qədər haqqın, həqiqətin ardınca gedir, təkəbbürü bir o qədər az olur. Və nə qədər çox təkəbbür edirsə, o qədər çox batilə yönəlir. Nə qədər təkəbbürlülük meydanına meyl edirsə insan, o qədər çox haqq meydanından kənarlaşdırır özünü.

        Təkəbbür insanı ən nifrət olunan hala gətirər. Rəsuli-Əkrəm (s) buyurur: «Ən mənfur insan – təkəbbürlü şəxsdir».

        Təkəbbürü pisləmək baxımından dinimiz heyrətə gəlmək kimi bir güclü üsulu da tətbiq edir. Belə ki, Həzrət Əli (ə) hədislərin birində heyrət və təəccüb ifadə edir: «Əvvəli bir nütfə, sonu isə leş, bu ikisinin arasında isə nəcasət kisəsi olan insan övladının belə təkəbbürlü olmasına heyrət edirəm».

        İnsana şəxsiyyət, ləyaqət, şüur kimi qiymətlilər verilmişdir. Və insan əql ilə gəlib çatmalıdır ki, təbii baxımdan onun təkəbbürlüyə heç bir iddiası ola bilməz, hər hansı bir iddiası yersizdir. İnsan öz maddiyyatı barədə, potensial maddi durumu barədə fikirləşdiyindən qat-qat çox, gərək öz mənəvi məsələləri barədə düşünsün. Öz potensial durumu barədə, öz çatışmazlıqları barədə düşünsün. Belə halda nicat tapar, kamilliyə yetişər. Təkəbbür isə insanı qoymur belə düşüncələrə qapılsın.

        ACİZLİYİN MƏHSULU

        Allah Təala insanı elə yaradıb ki, zaman ötdükcə onun fiziki imkanları zəifləyir, tükənməyə doğru gedir. Fizioloji durumdan tutmuş, duyğuların çeşidliyinədək insana verilmiş bir çox şey üzü tənəzzülə doğru tuşlanıb, vaxt ötdükcə bunlar da gödəlir. Hər bir insan neçə nəfəri ömrü ərzində son mənzilə yola salır. Gözü ilə görür ki, heç kəs heç nəyi aparmır bu dünyadan. Min müsibətlə yığıb-topladığı heç özü də bilmir kimlərə qismət olur.

        Amma yaşınınn artmasından asılı olmayan, zaman geçdikcə zəifləməyən xislətlər var insanda. Əksinə, zaman keçdikcə, insan inkişafa rəvac verdikcə şiddətlənən keyfiyyətlər var onda. İzzət, şərafət, dərketmə, təhlil etmə, düşünmə, müdriklik və bir çox digər bu kimi keyfiyyətlər. Böyük alimlərimiz olub, 100 yaşında belə əqlaniyyətin, təhlilin zirvəsində olub, böyük ictihadlar ediblər.

        Sanki, yaşanan hər gün insanı maddiyyata qapılmağın mənasızlığından agah edir. Zira, qalarlığı olsa idi maddiyyatın, bir mənası olardı bunun dalınca qaçmağın. Madddiyat – Allahın insana verdiyi bir zəruri vasitələrdəndir ki, insan öz missiyasını həyata keçirərəkən bunlardan bəhrələnə bilsin. Amma bunların VASİTƏ olduğunu unutmasın gərək. Və vasitəni hədəfə çevirməsin insan. Bu vasitələr hədəfə çevrildikdə, insanı öz mütisi etdikdə, mahiyyətini ona unutdurduqda, insan bir çox zəlilliklərə qapılır ki, bunların arasında ən məhvedici təbiətlilərdən olanı da – təkəbbürdür.

        Təkəbbürlüyün kökü – natamamlıqdır. Təkəbbürlü insan sanki öz cılız mahiyyətini ört-basdır edir bu xislətin arxasında. Öz acizliyini gizlədir başqalarının üstünə qışqırmaqla, təkəbbürlə gəzməklə. İnanc bizə öyrədir ki, insan özünü belə aparırsa, demək daxilən çox acınacaqlı durumdadır. İmam Cəfər Sadiq (ə) buyurur: «Özündə zəlillik və həqarət tapanlardan başqa heç kim təkəbbürlülük etməz və boyun dartmaz».

        Həzrət Əlidən (ə) nəql edirlər: «Yalnız alçaq şəxs təkəbbürlülük edər».

        GÜNAHKARIN YANINDA DA ÖZÜNÜ ÇƏKMƏ

        Dinimizin inanc əhli üçün çox ciddi bir xəbərdarlığı vardır. İman əhli özünü günahkardan da üstün tutmamalıdır. İmam Cəfər Sadiq (ə) buyurur: «Hər kim ki, başqasından üstün olması fikrindədirsə, o – təkəbbürlülərdəndir». Bu hədisi eşidən Həfəs ibn Qiyas adlı müsəlman, İmamdan (ə) xəbər alır: «Həzrətə (ə) ərz etdim ki, əgər (mömin) günahkarı görsə və iffətli, günahsız olmasına görə özünü ondan üstün tutsa, onda necə?». İmam (ə) buyurdu: «Heyhat! Heyhat! Çox da mümkündür ki, o, bağışlansın, amma sən hesab-kitab üçün saxlanılasan…».

        Allah insana bir çox lütflər edir. Hərəyə bir istedad, bir bacarıq verir. Amma insan bunu rəhbər tutub digərinə yuxarıdan-aşağıya baxmamalıdır.

        Özünü üstün bilən ilk şəxs lənətlik iblis idi. İlk irqçi, başqalarına qarşı ilk dözülməz iblis idm. İndi də dünyanın hər yerində onun ardıcılları var. Kimsə dərisinin rənginə, kimsə millətinə, kimsə irqinə, kimsə ləhcəsinə, regionuna görə özünü digərindən üstün sayır. Və bu fərqləndirmə – iblisvari mahiyyətin məhsuludur.

        İmanı ilə də öyünə bilməz insan. Günahkar birisi ola bilər səmimi tövbə etsin, günahlarını əməlləri ilə, peşmançılığı ilə yusun. Amma özünü mömin sanan rahat olsun ki, bu boyda fəsadın içində əla iman saxlamışam. Və bu fikir onu təkəbbürlü edər, düz yoldan sapdırar.

        HAQQI YÜNGÜL BİLMƏK

        Dinimiz onu da bəyan edir ki, haqqı danmaq təkəbbürün əlamətlərindəndir. İmam Sadiqdən (ə) nəql edirlər: «Allahın Peyğəmbəri (s) buyurmuşdur: Ən böyük təkəbbür – camaatı alçaq saymaq (aşağı bilmək) və haqqı yüngül bilməkdir». Bunun nə olduğunu soruşduqda, buyurdu: «Haqqın müqabilində nadanlıq etmək və haqq əhlinin əleyhinə danışmaq»».

        Ümumi bir qaydadır. İnsan eşitdiyinin müqabilində təvazö etsə, özünü öyrənən kimi aparsa, Allah Təala onun bilgilərinə bərəkət verər. Amma təkəbbürlülük etsə, özünü hər şeyi bilən kimi aparsa, gülünc vəziyyətə düşər.

        İnsanın haqqın, həqiqətin qarşısında bir qəbulediciliyi olmalıdır, insafı olmalıdır. Olmayacaqsa, insan özünü həqiqətin özü sayacaqsa, demək qəlbi xəstədir.

        Əslində təkəbbürlülük mövzusunun radiusu çox genişdir. Haqq və təkəbbürlüyün təzadı vardır. Təvazökarlıqla isə haqq müstəvisinin bir yaxınlığı vardır. Həzrət Əlidən (ə) belə nəql edirlər: «Təvazökarlığı axtardım və onu haqqı qəbul etməkdən qeyri bir şeydə tapmadım. (Belə isə) haqqı qəbul edən olun. Çünki, haqqı qəbul etmək təkəbbürdən uzaqlaşdırar».

        İslam Peyğəmbərinin (s) öz sədaqətli səhabəsi Əbazərə etdiyi nəsihətlərindən birində deyilir: «Təkəbbür odur ki, haqqı yerə atıb, nahaqqa üz tutasan və camaata (nisbətdə) heç kimi abrının sənin abrın tək , qanının sənin qanın tək olmaması gözü ilə baxasan».

        Sevimli Rəsuli-Əkrəm (s) bizi agah edir ki, təkəbbürlüyün bir neçə əlaməti vardır:

        - Nahaqqın ardınca getmək, haqqla müxalif olmaq;

        - İnsanların abrını öz abrından əskik bilmək, kiminsə abrını gözləməmək;

        - İnsanların qanını, yəni həyat və sağlamlığını özününkündən az əhəmiyətli bilmək.

        İNSANIN AĞLINDAN AZALTMAMIŞ, TƏKƏBBÜR QƏLBƏ YOL TAPA BİLMİR

        Göstərilmiş bu əlamətəlr istisnasız bütün müstəvilərə aiddir. Həm fərdi, həm ailə, həm ictimai müstəvidə – insan özünü digərindən üstün tutursa, təvazönü buraxıb, təkəbbürə qurşanıbsa, dinimizin alçaq hesab etdiyi kateqoriyaya üz tutmuşdur.

        Təkəbbürlə bağlı mühüm nümunələrdən biri – lənətlik iblislə bağlıdır. İmam Əli (ə) buyurur: «Allahın iblislə əlaqədar gördüyü işdən ibrət alın. Yalnız bircə anlıq təkəbbür ucbatından uzun-uzadı işləri, gərgin səylərini (ibadətləri) zay etdi. Belə isə, iblisdən sonra kimsə varmı ki, onun etdiyi günaha görə Allahın qəzəb və cəzasından amanda qalsın?».

        Yəni, ey insan, öyünmə böyük işlərinlə. İblis də elə bilirdi ki, böyük işlər görüb. İnsana səcdə etmək tapşırığı gələndə, təkəbbürlük bataqlığına qərq oldu. Nə qədər səy və zəhmətləri vardı, hamısını puç elədi. Bir an ki, onda təkəbbülük etdi, onun bütün qeyri-səmimi, zəlil durumunu ifşa etmiş oldu. İndi dinimiz ayıldır insanı ki, sən nə bilirsən öz həqiqi durumunu, diqqətli ol və özünü öymə!

        Bir mühüm çalar da təkəbbürlə ağlın əlaqəsinə aiddir. İslam məntiqinə görə, ağlı olan insan təkəbbür etməz. Düşünər ki, nəyə təkəbbür etməliyəm ki? Nəyim var ki, həqiqətdə?! Təkəbbürlülük əqli kəmliyin göstəricisidir. İmam Muhəmməd Baqir (ə) buyurur: «Az və çoxluğundan asılı olmayaraq, insanın ağlından həmin qədər azaltmamış, təkəbbür onun qəlbinə yol tapa bilməz».

        Təkəbbür qəlbə yol tapana qədər, nə qədər təkəbbür gələcəksə, o miqdar insanın ağlından azalır. Təkəbbür özünə yer düzəltməmiş, əqldən kəsib atmamış, insanın qəlbində nə işi var?!

        Təkəbbürdən qurtulmağın yolları baxımından dinimiz insanın sadə olmasını və mehribanlıq etməsini tövsiyə edir. İslam Peyğəmbəri (ə) buyurur: «Kişinin sevinc və fəxrlə bir şeyi öz əlləri ilə ailəsi üçün aparmasını və bununla təkəbbürü özündən uzaqlaşdırmasını necə də xoşlayıram!».

        Təkəbbürdən uzaqlaşmağın ən gözəl vasitələrindən biri kimi, dinimiz namazı təqdim edir. Həzrət Əli (ə) buyurur: «Allah imanı - şirkdən təmizlənmək, namazı isə təkəbbürü uzaqlaşdırmaq üçün vacib buyurmuşdur».

        Məlum olur ki, bir vacib əməl olmaqla yanaşı, namaz bir çox əxlaqi kateqoriyaları insanda inkişaf etdirir və bu sırada təkəbbürdən uzaqlaşmaq xüsusilə qeyd olunur. Allah Təala bizi daima həqiqi namazda qərar versin!

        Allahım! Bizləri hər zaman təkəbbür kimi zəlilliklərdən uzaq et!

        Allahım! Bizlərə Sənin həqiqi bəndən olmaq səadətini nəsib et!

        Allahım! Bütün iman əhlini yalnız Sənin razılığın olan işlərə yönəlt!

        Allahım! Düşmən tapdağı altında olan torpaqların, məxsusən, Qarabağın və Qüdsın tezliklə azad olmasını nəsib et!

        Allahım! Xəstə və mərizlərə şəfa əta et, ehtiyaclılara Özün nəzər sal!

        Allahım! O kəs ki, qəlblər onun intizarındadır – Həzrət Mehdi Sahib-əz-Zamanın (ə.f.) zühurun tezləşdir! AMİN!

     

                                                                        Hacı İlqar İbrahimoğlu
         ilahiyyatçı-filosof,

        İçərişəhər «Cümə» məscidinin imam-camaatı


    Категория: Cümə söhbətləri | Просмотров: 1303 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər