Həzrət İmam Rza (ə) buyurur: "Kimin Əbu Talibin kafir kimi dünyadan köçməsinə etiqadı olsa, kafirdir". Həzrət Əbu Talibin əsl adı İmrandır. Atası Əbdül Mütəllib, anası Fatimə bintii Əmr ibn Aizdir. Həzrət Əbu Talib Peyğəmbərin atası Abdullah və Zübeyrlə doğma qardaş idi. Əbdül Mütəllib digər övladları isə başqa qadından dünyaya göz açmışdılar. Tarix Həzrət Əbu Talibin fədakarlıqlarını qeydə almışdı. Məşhur tarixçi ibni Əbil Hədid Əbu Talibin göstərdiyi fədakarlıqlar haqqında belə yazır: "Bir nəfər Əbu Talibin imanı barədə bir kitab yazıb mənim yanıma gətirdi və məndən onun haqqında bir şey yazmağımı istədi. Mən onun kitabının arxasında bu iki misranı yazdım: "Əgər Əbu Talib və oğlu Əli olmasaydı, İslam dinini qoruyub saxlamaq mümkün olmazdı. Ata (Əbu Talib) Məkkədə Peyğəmbəri himayə edirdi və oğlu (Əli) Yəsribdə ölüm burulğanına düşürdü" Əbu Talibin imanı məsələsinin tarix kitablarında qeyd olunmasına siyasi bir məsələ kimi baxılır, bəzi yersiz təəssübkeşlər onun imanını inkar etməklə Həzrət Əlinin (ə) fəzilətlərini inkar etmək istəyirlər. Əgər Əbu Talib Əlinin atası olmasaydı, onun imanını sübut etmək üçün mövcud dəlillərin heç onda biri də lazım deyildi. ƏBU TALİBİN İMANLI OLMAĞININ SƏBƏBLƏRİ
Hər hansı bir şəxsin imanını bu qeyd olunan üç yoldan biri ilə sübut etmək olar: - Ondan yadigar qalan elmi əsərləri araşdırmaqla - Onun cəmiyyətdəki rəftarını araşdırmaqla - Onun haqqında dostlarının nəzərini araşdırmaqla Gəlin biz də Əbu Talibin imanının qeyd olunan hər üç yolla araşdıraq
ŞEİRLƏR DİVANI Əgər Əbu Talibdən yadigar qalan və divan şəklində çap olan elmi əsərləri araşdırsanız qoşduqları şeirlərin onun kamil imanına dair mühüm sübut olduğunu görərsiniz. Əbu Talibin Peyğəmbərə yazdığı şeirlərdən birinin tərcüməsinə diqqət edək: "Həqiqətən mən bildim ki, Məhəmmədin dini dünyada olan dinlərin ən yaxşısıdır".
ƏBU TALİBİN PEYĞƏMBƏRİ QORUMAQDA GÖSTƏRDİYİ XİDMƏTLƏR Əgər biz Əbu Talibin Peyğəmbəri (s) qorumaqda göstərdiyi fədakarlıqdları və onun məqsədlərini araşdırsaq, bu xidmətlərin onun imanının sübutu olduğunu görərik. Əbu Talibin Peyğəmbərə məhəbbəti səbəb oldu ki, yaşlı olmasına baxmayaraq 3 il bir dərədə qalmış və bu işi Məkkənin rəisliyindən üstün bilib. Hətta o, Peyğəmbəri müdafiə etdiyinə görə şeyxlikdən uzaqlaşdırılır. Həzrət Əli (ə) buyurub: "Mənim atam şeyx idi, eyni zamanda fəqir idi".
QOHUMLARI VƏ DOSTLARININ ƏBU TALİBİN İMANINA MÜNASİBƏTİ Əbu Talibin ölüm xəbəri Peyğəmbərə (s) çatanda o Həzrət ağladı və Əliyə (ə) əmr etdi ki, ona qüsl verib kəfənə büksün və dəfn etsin. Özü isə Allahdan onun bağışlanmasını istədi. Bir nöqtəni də qeyd etmək lazımdı ki, Peyğəmbərlə Xədicənin kəbinini Əbu Talib oxuyub. İmam Səccadın hüzurunda Əbu Talibdən söz düşdü. İmam buyurdu: "Təəccüb edirəm, nə üçün camaat onun ixlasında şəkk edir.Heç bir müsəlman qadın kafir ərinin əqdində qala bilməz. Halbuki, Fatimə binti Əsəd Peyğəmbərə iman gətirən ilk qadınlardandır və Əbu Talibin həyatının son anlarına kimi onun əqdində idi və ondan ayrılmadı". İmam Baqir (ə) buyurur: "Əbu Talibin imanı camaatın çoxunun imanından üstündür. Əmirəlmöminin Əli bəzilərinə əmr etdi ki, atasının tərəfindən həcci yerinə yetirsinlər". İmam Sadiq (ə) buyururb: "Onun imanı Əshabi-Kəhfin imanı kimidir ki, ürəyində imanlı idi, amma təzahür etməzdi". Əllamə Məclisi deyir: "Şiələrin nəzərincə Həzrət Əbu Talib heç vaxt bütə sitayiş etməyib. O, Peyğəmbərə iman gətirənlərdəndir. Əbu Talib Həzrət İbrahimin vəsilərindən biridir. Onun imanlı şəxs olmağı şiələr arasında məşhurdur. Alimlər bu böyük şəxsiyyətin imanı barədə kitablar yazıblar". Şeyx Səduq yazır: "Bir hədisdə buyurulur ki, cənab Əbdül Mütəllib İlahi hüccət, cənab Əbu Talib isə onun vəsisi olub". "Vədayişü-əqbiya" kitabının rəvayətinə əsasən, Həzrət Musanın (ə) əsası, Həzrət Süleymanın (ə) üzüyü və sair əmanətləri Əbdül Mütəllibin vasitəsilə Əbu Talibə verildi, o da onları Peyğəmbərlərin sonuncusu Həzrət Məhəmmədə (s) verdi. İbn Əsmir Şafei deyir: "Əhli-beyt Əbu Talibin imanı barədə yekdil fikirdə olublar və Əhli-beytin bu sözü hüccətdir". Əsbəc ibn Nəbatə deyir: "Əli (ə) buyurur: "Allaha and olsun ki, babalarım Əbdül Mütəllib, Haşim və Əbdül-manaf bütə ibadət etməyiblər". Dedilər: "Bəs nəyə ibadət edirdilər?" Buyurdu: "Onlar Kəbəyə tərəf namaz qılırdılar və İbrahimin dininə bağlı idilər"". Həzrət Əlinin (ə) Əbu Talib barədə beytlərindən məlum olur ki, onun məqamı Həmzədən daha üstündür. İbn Əbil Hədid yazır: "Əgər Əbu Talib və oğlu olmasaydı, dindən heç bir əsər-əlamət olmaz və belə möhkəmlənməzdi. Əbu Talib Məkkədə Peyğəmbəri qoruyurdu, oğlu isə Peyğəmbəri Mədinədə fasiləsiz qoruyur və müdafiə edirdi". Bütün bu deyilən fikirlərdən belə aydın oldru ki, Əbu Talib imanlı bir şəxs olub və bu dünyadan köçərkən İslam dininin hökmlərinə uyğun dəfn olunub. Həzrət Əbu Talib barədə ilk kitab hicrətin 630-cu ilində qələmə alınıb. O zamandan indiyə qədər müxtəlif dillərdə onun imanı, böyüklüyü barədə kitablar yazılaraq çap edilib ki, bu da tədqiqatçılara aydındır. Həzrət Əbu Talib besətin 10-cu ili, hicrətdən üç il qabaq dünyadan köçdü. Məşhur rəvayətə əsasən, o, 81 yaşında vəfat edib. Peyğəmbər əmisinin cənazəsini görəndə buyurdu: "Ey əmi! Mərhəmət etdin və mehribanlıq göstərdin, nəticədə xeyirli mükafat aldın. Uşaqldıqdan mənə arxa oldun, böyüdükdə isə kömək və himayə etdin". Sonra üzünü insanlara çevirib buyurdu: "Allaha and olsun ki, Qiyamət günü əmimə olunan şəfaətə hamı təəccüb edəcək". Əbu Talibin vəfat etməsiylə əlaqədar Həzrət Cəbrail nazil olub Peyğəmğərə (s) buyurdu: "Sənin arxan və köməyin bu dünyadan köçdü, hicrət et" ("Biharül-Ənvar", c,19, səh,69). O Həzrətin qəbri Həcundadır (Məkkədə bir yer adı). Peyğəmbər (s) əmisinin vəfat etdiyi ili "Amul-hüzn" (Hüzn ili) adlandırdı. Yazımı gözəl elm xadimi, Əhli-beyt şairi Axund Hacı Soltanın Həzrət Əbu Talib haqqında yazdığı şeirlə yekunlaşdırıram.
Odur Peyğəmbəri edən himayət, Tükənməz vəfası Əbu Talibin. Mühəmməd yetincə gənclik yaşına, Çox olub cəfası Əbu Talibin.
Düşmənə laf üçün verməzdi məcal Sözü qılınc təki kəsərdi dərhal. Kafirlər qorxudan olurdular lal, Gələndə sədası Əbu Talibin.
Oldu Peyğəmbərçün sinəsi səngər, Kim ona kəc baxdı, oldu mükəddər, Bir Mühəmməd idi, bir də ki, Heydər, Ruhani qidası Əbu Talibin.
Peyğəmbər vəsfinə şeirlə dindi, Əmi tək qiyməti, qədri bilindi, İslamın əmisi sayılan indi, Budur iqtidarı Əbu Talibin.
Hörmətin vacibdir saxlasın aləm, Adını hər mömin desin mükərrəm, Soltan pişvazına çıxardı o dəm, Olsaydı rizası Əbu Talibin.
Seyid Həsən Hüseynov/Nəbz qəzeti |