Şenbe, 21.12.2024, 20:06
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 45
    Qonaq: 45
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 7 » BABA PÜNHAN YARADICILIĞINDA ZÜHUR HƏSRƏTİ
    23:13
    BABA PÜNHAN YARADICILIĞINDA ZÜHUR HƏSRƏTİ
     
     
     
     
    Böyük mütəfəkkir Mənsur Həllac edam olunarkən Allaha müraciətlə demişdi: "Mənə əyan etdiklərini onlara göstərsəydin, etdiklərini etməzdilər.

        Sən onlardan gizlətdiklərini məndən də gizlətsəydin mübtəla olduğum bu bəlaya düşməzdim". Bu, Allah tərəfindən həqiqət yükünü bu dünyada daşımağa məmur oaln bir aşiqin sözləridir.

        Həqiqət bir ağır yükdür ki, onu daşımaq şərəfi yalnız seçilmiş bəndələrə nəsib olur. O bəndələr ki, Allah feyzindən bəhrələnib Onun dərgahına mərifət kəsb edirlər, nur bəxş olunub bəsirət gözləri açılır və həqiqətləri görmək imkanı qazanırlar. Onlar Yer üzündə haqq-ədalət bərqərar olacaq günə qədər təkcə ümidimiz olan İmam Mehdi Sahib əz-Zaman (ə.c) sadiq aşiqlərinə və vəfalı əsgərlərinə çevrilirlər.

        Belə sadiqlərdən və mücahidlərdən biri də fani dünyada fərq mülkünü məskən edən, qələmini əlində xəncər edib küfr dolu ürəklərə sancaq, Haqqın dili olub həqiqətləri söyləyən, "Haqq yollarında illərin zəvvarı" olub bu yollun mancələrindən çəkinməyən və bu yolda ölümdən belə qorxmayan söz sənətkarımız Baba Pünhandır. O Baba Pünhan ki, zəmanəmizin Sabiri olub, zarafatcıl bir şair kimi yaddaşlarda iz qoyub getdi. Cahillərə güldü, onları özləri-özlərinə gülməyi məcbur edəndə isə özü onların halına acıdı. Bu gülüşlər o qədər möhkəm oldu ki, Babanın çəkdiyi nalələri onun kimi fəryad içində olan bir neçə kəsdən başqa bir kimsə eşitmədi. Hər gülməli kəlmənin arxasında bir qətrə göz yaşı gizləndi: "Siz gülürkən yazdığım hər beytə, hər bir kəlməyə, Pünhanam, ağlar yazım...", - deyə nalə edib:

        Babanın sözlərindən hər kimdə gülüşlər doğurub,

        Bu gülüşlərdən onun gözlərinə nəm tökülüb.

        - söyləyən şair gülüşlə bədxislətləri islah etməyə, nəfsləri təmizləməyə çalışdı, amma bir bəhrə görmədi. Özü isə bir dünya kədər daşıdı çiyinlərində. 56 il can quşu bədən qəfəsində çırpındı, amma ümid dolu gözlərini bir dəfə belə qırpmayıb haqqın qapısına zillədi. Bu qapının nə vaxtsa açılacağı və oradan Sahib əz-Zəmanan gələcəyi ümidi ilə yaşadı, zühur intizarıyla alışıb yandı və dedi:

        Ümidim Məhşərədir, Qaimədir, leyk sənin,

        Onu əfsanə sayan cahilədir ki, hələ ki.

        Bir müqəddəs qonağın gəlməsin hiss etmədəyəm,

        Əlli dörd ildi dözüb sirli qonaqçün yaşadım.

        Şairin dünyada ən böyük arzusu İmam Sahib əz-Zəmana əsgər olmaq idi. Özünün dediyi kimi Həzrət Abbasın Kərbəla səhrasında əlindən düşən haqq bayrağını Badi-Kubədə göyə qaldıran şair, insanları daim cihada hazır olmağa çağırdı, özü isə ömrü boyu canını haqq yolunda fəda etmək arzusu ilə yaşadı.

        Fəqirlik məqamına yetib sultan kimi ömür sürdü. Ariflər kimi eşqdən yazıb onu vəsf etməsə də, qəlbində böyük eşq dəryası dalğalandı. Bu eşq onu fəqir məqamına yüksəldib dünyanın faniliyindən xəbərdar etdi.

        Ey ki, sultan olmaq istərsən, fəqir ol kim, fəqir,

        Kim ki, sultan oldu, dərviş olmadı, sultan deyil.

        XIV əsrdə Nəsiminin dilindən qopan bu misralar 600 il tarix yaşayıb gah Seyid Əzim qəzəlində, gah da Sabir satirasında təzahür etdi. 100 ildən sonra isə Baba Pünhan yaradıcılığında bir daha canlandı. Baba Pünhan da fəqirlik yolunu tutdu, sadə yaşayıb məna aləmində kaşanələr ucaltdı. Bunu zarafatyana təsvir edib dedi:

        Dedim ki, bağda Pünhanın evin nişan verin mənə,

        O da itin günündə bir külafrəngi göstərir.

        Özü ilahi mərifət kəsb edib Allah tərəfindən hüşyar olan şair qəflətdə yatanları oyadıb xəbərdar etməyi özənə borc bildi. İnsanları dünya sevgisinə uymamağı çağırdı və bu sevginin çox ağır bir yük olduğunu bildirdi. Bəşəri bir karvana bənzətdi və dedi:

        Karvanı ağır yüklü, ömür yollu cahanın,

        Karvansarasından görəsən kim nə götürdü?

        İllərlə dünya malı toplayıb gözü doymayan, qəsrlər qurub cah-cəlal içində yaşayan, bu qəsrlərdə özünü hər fəlakətdən amanda hiss edən qafillərə üzünü tutdu, onları "sözlə vurub vücudlarını tərpətməyə" çalışdı və dedi:

        Sən çalış Cənnətməkanın daimi sultanı ol,

        Bu fəna dünyada heç kim daimi sultan deyil.

        Lakin bu nəsihətlər də kara gəlmədi. Çünki "Allah onların ürəyinə və qulağına möhür vurmuşdu. Gözlərində də pərdə vardı. Onları böyük bir əzab gözləyir" (Quran, 2/7).

        Babanın da yeganə ümidi elə bu əzab günü idi. İllər boyu şeytana qulluq edən, qanlar töküb gözləri yaşlı qoyan, ürəklər dağlayıb dağ boyda qəsrlər ucaldan, fəqirlərin malını mənimsəyib yetimlərin puluna göz dikənlərin nə halda olduğunu görüb nə vaxtsa cavab vermək məqamı gəlib çatanda onların aqibətinin necə olacağından agah olduğunu bildirdi:

        Min günahın cavabı həşrdə bir anlıq olar

        Cəmi bir anın içində hərə bir yanlıq olar.

        Bu bir anlıq cavabdan sonra isə əbədi həyatın başlanmasına çox ümid bəslədi. Lakin ümidlər aləminə seyr edib bu dünyadan da əlini üzmədi. Çünki haqq-ədalət bərpa olacaq günə qədər həqiqət yükünü çiyinlərində daşıyan aşiqlərin haqq yolunda səy göstərib cihad etmələ olduqlarını bilirdi. Özü də bu aşiqlərdən idi və ömrü boyu öz eşqinə sadiq qaldı, "haqq" deyib car çəkdi, "həqiqəti yazıb, söz qiyaməti qopardı", yazdığı hər bir kəlməni yaşadı, yaşayıb yaratdı ki, yaradanından sonra əbədi yaşasın. Haqq dərgahından əmr alıb gəldi ki, bu dünyaya sakin oldu, amma ondan heç nə istəmədi, çünki İlahi bəxşişlə varlandı və çox səxavətli oldu. Bir əliylə alıb o biri ilə payladı. Məmur olduğu işin öhdəsindən layiqincə gəldi. Eşq ilə yaşayıb xilaskar imamı gözlədi. Axirət gününü böyük intizarla təsvirini elə gözəl verdi ki, bu təsvir yalnız bir daş parçasına çevrilmiş qəlbi titrətməyə bilər:

        ...O günü yerdəkinə arxalananlar uduzar,

        O günü arxalı dağlar yamacından qırılar.

        ...Qayıdar Həzrət İsa ilə Sahib-Zamanım,

        Bəşər İslamə gələr, kilsə xaçından qırılar.

        ... Neçə şahlar oturub iynə ucunda, Pünhan,

        Gələr inşəallah o gün, iynə ucundan qırılar.

        O günə tam varlığı ilə bağlanan şair əmin bir yolda eşq təriqində olduğunu bilib həqiqətə yetdi. Nəticəsi isə külli-səadətə çatmaqla bitdi və küllən məşuqa yetib fani oldu. Həyatında bütün ümidi gözlərin görmədiyi, ağılların dərk etmədiyi, şüurların fövqündə dayanan o Mütləq Varlığa dayanmışdı. Yalnız gördüyünü qəbul edən, mənəvi məhrumiyyət sahiblərinə nəsihət verdi. Nəsihət eşitməyib şairin özünə tənə etdikdə isə o, dedi:

        Xofdan əyilib bütpərəst olmuşlar önündə,

        Qansız bütü inkar elədim, mən nə dedim ki?

        "Cahan gedir süquta, Quran yetir sübuta" və ya "Guş qıl dövrün səsi, ey dil, sədayi Surdur", - deyən şair bu misralarla gözü ilə görməyi qəlbi ilə hiss etdiklərini sübut etməyə çalışdı və car çəkib bu yolun əmin bir yol olduğuna insanları inandırmaq istədi. Lakin gözlərdəki pərdələr Allahın gətirdiyi aşkar dəlilləri görməyə imkan vermədi. Bu da bütün haqq aşiqləri kimi Babanı da məyus etdi, onu haqqa bir az da yaxınlaşdırdı. Allahın əmanətinə sadiq qaldı, bu yük onun cismini nə qədər əzdisə, məqamı da bir o qədər ucaltdı.

        Baba Pünhan "daridə hər gün mənəm, məşhur olan Mənsurdur" deyib, dövrünün Mənsuru oldu. Dili Allahın zikrindən başqa bir söz demədim, ondan başqa məşuq və məbud tanımayıb yalnız onu arzuladı. "Bir özündən başqa heç kəs haqqa ortaq qalmadı", - dedi. Baba Pünhan və onun yaradıcılığında Mənsur Həllacın bu sözləri yad olundu: "Ey insanlar, əgər haqq bir ürəyə hakim kəsilərsə, onu başqalarından təmizləyər, onu özündən savayı olanlardan uzaqlaşdırar. Əgər qulunu sevərsə, qulu Ona lap yaxınlaşana kimi başqa qullarını onunla ədavətə sövq edər." Buna görə də Baba Pünhan özünü "qeyri-bəşər" adlandırdı ki, üzünü göylərə tutdu, "al yorğun olan canı", - deyə müraciət etdi və Allahın verdiyi "can borcunu" tez qaytarmağı arzuladı.

        Orta əsrlərin ürfan bağından süzülüb gələn eşq seli özü ilə bir qüdsi hədis gətirdi dövrümüzə: "Mən əşəqəni əşəqtuh və mən əşəqtuhu qətəltuh" (kim Mənim aşiqşim oldu, Mən də onun aşiqi oldum və kimin aşiqi oldumsa, onu öldürdüm).

        Baba da öz dövründə bir hədəf oldu bu hədisə, "neynirəm mən maşını, gərçi məni dərd aparır", - deyən şairi son mənzilə qədər bu dərd müşayiət etdi. Əslində isə bu, son mənzil yox, başlanğıc oldu. Ruhu cisminə əsir olub bu fani dünya ilə bərabər 56 dövr etdi və azad olub əbədilik qazandı.

        Xaliqin izni ilə özü bir xaliq olan şair əsərlərində təcəlli etdi, sanki oxucuların adından dedi:

        Şairin qəlbi onun yaşadığı şeirində olur,

        Oxuduqca Baba Pünhanı yaxından gördüm.

        Ona görə də nə qədər bu şeirlər varsa, o qədər də Baba Pünhan var olacaq. Çünki haqq sözü bütün dövrlərdə nə qədər sıxılsa da heç vaxt qələmlərdən ayrılmamış və həmişə ağ vərəqlərin bəzəyinə çevrilmişdir. Elə Babanı da yaşadan bu ümid və bu əminlik oldu.

        Pünhanın həcvi haram əhlinə bəs eyləməsə,

        Çox güman meydana Pünhan nəvəsi sonra çıxar.

        Xalqın yetişdirdiyi sənətkarlardan söz xəzinəsini əmanət alan Baba Pünhan onu xalq yolunda xərclədi, nə qədər xərclədisə, bir o qədər də zənginləşdirdi. Sözü dillərdə əzbər olub özü qəlblərdə yaşadı. Hər iki dünyada ən böyük mükafatı əldə etdi - Əbədilik mükafatı:

        Pünhanın sözləri tamamə yetdi,

        Ömür fani gəlib, fani də getdi.

        Şairin sözünü kim qəbul etdi,

        Bax, o da şairə mükafat qalır...

        (Rüstəm Tofiq, «Nəbz» qəzeti)

    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1257 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər