Главная » 2008 » May » 28 » Azerbaycan Xalq Cümhuriyyetinin yaradılmasından 90 il ötür
06:12 Azerbaycan Xalq Cümhuriyyetinin yaradılmasından 90 il ötür |
Bu gün Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunmasından 90 il ötür. APA-nın məlumatına görə, AXC-nin 90 illik yubileyi Azərbaycan Respublikasında dövlət səviyyəsində qeyd olunur. Bundan başqa, dünyanın müxtəlif ölkələrində də AXC-nin 90 illiyi münasibətilə müxtəlif tədbirlər keçirilir.
AXC Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Azərbaycan Milli Şurası tərəfindən 28 may 1918-ci ildə Tiflis şəhərində elan edilib. Milli Şura tərəfindən qəbul edilən İstiqlal Bəyannaməsi bütün türk-müsəlman dünyasında və Şərqdə ilk dəfə olaraq Azərbaycanda demokratik parlamentli respublikanın yaradıldığını bütün dünyaya bəyan edirdi. İstiqlal Bəyannaməsində deyilirdi: 1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. 2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir. 3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millət və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir. 4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir. 5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır. Həmin vaxt Bakı şəhəri Stepan Şaumyanın başçılığı altında bolşevik Bakı Soveti və daşnak silahlı dəstələrinin nəzarətində olduğu üçün Azərbaycan hökuməti müvəqqəti olaraq Gəncə şəhərinə yerləşdi. 15 sentyabr 1918-ci ildə ağır döyüşlərdən sonra Azərbaycan Milli Ordusunun və Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun hissələri Bakını bolşevik, daşnak və ingilis hərbi dəstələrindən azad edib və müstəqil Azərbaycan hökuməti Bakıya köçüb. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti bir sıra mühüm qanunlar qəbul edib, siyasi, hərbi, hüquqi və iqtisadi islahatlar həyata keçirib, Azərbaycan tarixinə Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli kimi şəxsiyyətlər bəxş edib. Azərbaycan Xalq Cümhuriyyəti 27 aprel 1920-ci ildə Sovet Rusiyasının Azərbaycanı işğal etmək üçün göndərdiyi XI Qızıl Ordu tərəfindən süquta uğradılıb, AXC-ni quranların bir hissəsi güllələnib, bir hissəsi sürgünə göndərilib, bir hissəsi isə məcburi mühacirətə getməli olub. AXC-nin banisi Məhəmməd Əmin Rəsulzadə də müxtəlif ölkələrdə mühacirət həyatı yaşamalı olub. Ancaq o, Azərbaycanın yenidən müstəqilliyinə qovuşacağına inamını bir an belə itirməyib. M. Ə. Rəsulzadə 1955-ci il martın 6-da 71 yaşında Türkiyədə dünyasını dəyişib. APA |
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 2605 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|