ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
Şiə məzhəbini küfr və azğınlıqda ittiham edən alimlər bunun səbəblərindən birini şiələrin Peyğəmbərin (s) səhabələrə olan münasibətlərində görürlər. Şiələr Peyğəmbər (s) səhabələrini günahkar və azğın bilir, onlara lə᾿nət yağdırır, hətta söyüş verirlər. Buna görə də şiələrin kafir və azğın olduğuna şübhə yoxdur....
Yersiz təəssübkeşlik üzündən mövcud məsələlərə olduğu kimi yanaşmaq və ədalətli mühakimə yürütmək iqtidarında olmayan bu alimlərin fikirlərinə cavab vermək üçün bəlkə də bir kitab yazmaq olar. Lakin bu kitabın həcmini nəzərə alaraq lazım olan cavabları bir neçə səhifədə xülasə şəkildə yazırıq:
1. Әvvəla qeyd etməliyik ki, səhabələri lə᾿nətləmək və onlar haqda nalayiq sözlər söyləmək heç bir şəxsin kafir olmasına səbəb olmaz. Bunu məşhur əhli-sünnə alimləri öz kitablarında təsdiq edirlər.
İbni Həzəm Әndolosi «Әl-fəslu fil-miləli vən-nihəl» kitabının 3-cü cildində yazır:
«Cəhalət üzündən səhabələri söyən bir şəxs, cahil olduğu üçün günahkar sayılmır. Lakin bilərəkdən onlara söyüş verərsə, günah etmiş olur. Әgər onları Peyğəmbər (s) səhabələri olduqlarına görə söyərsə kafir olar. Lakin onları özlərinə görə söysə kafir sayılmaz. Necə ki, Ömər ‒ rəziyəllahu ənhu ‒ Peyğəmbərin (s) hüzurunda səhabələrdən birinə (Hatibə) münafiq dedi, lakin bu sözə görə kafir sayılmadı».
İmam Məhəmməd Ğəzzali yazır:
«Səhabələri söymək heç kəsi kafir etməz. Hətta iki şeyxi (Әbu Bəkr və Öməri) söyən şəxs də kafir deyildir».
Hakim Nişapuri «Müstədrək» kitabında, İmam Әhməd ibni Hənbəl «Müsnəd», Zəhəbi «Təlxisul-müstədrək», Qazi İyaz «Şifa» və İmam Ğəzzali «Ehyaul-ulum» kitabında yazır:
«Bir nəfər Әbu Bəkrə nalayiq sözlər deyib təhqir etdi. Әbu Bərzə Әsləmi dedi: Xəlifə, o kafir oldu, icazə ver onu öldürüm. Әbu Bəkr dedi: Xeyr, onun kafir olmasına heç kəs hökm edə bilməz...»
Qeyd etmək lazımdır ki, şiə məzhəbində təkcə səhabələrə deyil, hətta adi şəxslərə də söyüş vermək haram və böyük günah sayılır. Lakin söyüş verən şəxsin kafir olmasına hökm verməyə heç bir məntiqi əsas yoxdur.
2. Әgər səhabələri söymək və ya onlara lə᾿nət oxumaq bir şəxsi kafir edirsə, onda biri-birlərinə söyüş və lə᾿nət yağdıran səhabələri nə üçün kafir hesab etmirik.
İbni Әbil Hədid Mö᾿təzili «Şərhu-nəhcil-bəlağə» kitabının 4-cü cildində yazır:
«Әbu Bəkr məscidin minbərində əyləşib Әli (ə)-ın arxasınca dedi:
O, bir tülküdür ki, quyruğu ona şahidlik edər...»
O, (Әli) Ummi Təhal kimidir (məşhur zinakar qadın) ki, öz yaxınları ilə zina etməyi xoşlayır....»
(Bu rəvayətin ətrafında geniş söhbət edəcəyik).
İbni Әbil Hədid Mö᾿təzili həmin kitabın 1-ci cildində yazır:
(Ömər Әli (ə)-dan bey᾿ət almağa getdiyi gün)
«Zübeyr (böyük səhabələrdən biri) qılıncını sıyırıb evdən çölə çıxdı. Ömər yanındakılara əmr etdi: Bu iti tutub saxlayın!»
Mə᾿sudi «Әxbaruz-zəman» kitabında, Sibt ibni Cuzi «Təzkirətu xəvassil-ummə fi mə᾿rifətil-əimmə», İbni Әbil Hədid Mö᾿təzili «Şərhu-nəhcil-bəlağə» (2-ci cild) və İbni Әsir «Kamilut-tarix» kitabında yazır:
«Ummul-mö᾿minin Aişə Osmanın (3-cü xəlifə) barəsində fəryad edirdi: Öldürün bu yəhudi sifəti; Allah onu öldürsün, o həqiqətən kafirdir..»
İmam Әhməd ibni Hənbəl «Müsnəd» kitabında (2-ci cild), Hələbi «Әs-sirətul-hələbiyyə» (2-ci cild), Buxari «Səhih» (2-ci cild) və Vahidi «Әsbabun-nüzul» kitabında yazır:
«Әbu Bəkr, Ömər ibni Xəttab və digər səhabələr Peyğəmbərin (s) hüzurunda bir-birlərinə söyüş verir, hətta vururdular.»
Bir-birlərini təhqir edən səhabələrə heç kəs kafir hökmü verməmişdir. Әksinə, onlar əhli-sünnə məzhəblərində hamıdan pak, az qala mə᾿sum kimi təqdim olunurlar. Burada qarşıya anlaşılmaz, çox çətin və eyni zamanda müəmmalı bir sual çıxır: Səhabələri söyənlər kafirdirlər, amma səhabələr nalayiq sözlər deyib bir-birlərini rahatcasına təhqir edə bilərlər?! |