İtaliya muzeyində onu qurbağa formasında göstərirlər
Məhəmməd peyğəmbərin karikaturası çəkilərək təhqir edilməsindən sonra, indi də İsa peyğəmbərin təhqir edilməsi ilə bağlı qalmaqal yaşanır. Türkiyə mətbuatının verdiyi məlumata görə, peyğəmbər çarmıxa çəkilmiş qurbağa formasında göstərilib.
Çarmıxa mıxlanmış əlində pivə stəkanı tutan, dili ağzından bayıra çıxmış şəkildə hazırlanan 130 santimetrlik heykəl İtaliyanın Bolzano şəhərindəki “Museion” muzeyində nümayiş etdirilir. Muzeyin əməkdaşları təhqiramiz heykəli 10 il öncə ölən alman heykəltaraşı Martin Kippenbergerin hazırladığını bildirərək onu müdafiə ediblər: “O insanların qorxularını araşdırırdı”. Roma papası XVI Benedikt isə heykəl barədə xəbər tutandan sonra “bu küfrün, bu əclaflığın günləri sayılıb” deyərək onun yığışdırılib məhv edilməsini istəyib.
Bolzano muzeyinin rəhbərliyi papanın işə qarışmasından sonra təhqiramiz heykəli giriş salonun ən diqqət çəkən yerindən yığışdırıb. İndi isə heykəlin “sənətkar azadlığı”na riyat edilərək saxlanılması və ya Vatikanın təzyiqi ilə ümumiyyətlə yığışdırılması arasında seçim edilir. /LENT.AZ/